Ölkəmizdə fəaliyyət göstərən Kanada şirkətlərinə sanksiya tətbiq olunsun 

"Kanada xarici işlər nazirinin Ermənistana səfəri və bu ölkədə səsləndirdiyi cəfəng ittihamların Kanadanın hər hansı dövlət maraqlarına uyğunluğu da təəccüblü görünür". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Cavanşir Feyziyevin sözlərinə görə, əgər Kanadanın bu bölgədə hər hansı marağı varsa, bu maraq Azərbaycansız təmin oluna bilməz: "Azərbaycan Kanadanın Mərkəzi Asiya və Çinlə ticarət əlaqəsini təmin edən bir ölkədir. Bütün bunlara rəğmən erməni lobbisinin və ABŞ administrasiyasının ruporuna çevrilən Kanada siyasi rəhbərliyinin Azərbaycana qarşı nümayiş etdirdiyi riyakarlıq adekvat cavab tədbirlərinin görülməsini zəruri edir. Hazırda ölkəmizdə fəaliyyət göstərən Kanada şirkətləri var. Belə bir vəziyyətdə Melani Colinin özünün xatırlatdığı sanksiya tədbirlərinin Azərbaycan tərəfindən ölkəmizlə çalışan Kanada şirkətlərinə tətbiq edilməsi ən düzgün cavab tədbiri olardı. Belə tədbirlərin görülməsi ona görə vacibdir ki, Melani Coli kimi siyasi turistlər Ermənistanda "səyahət"də olduqda özlərini düzgün aparsınlar".