Ölkəmizdə qardaş Türkiyə ilə  mötəbər texnoloji festival keçirilir

Hazırda həyatın bütün sahələrinin inkişafında intellekt, xüsusi ilə süni intellektə, informasiya və kommunikasiya texnologiyalarina ciddi ehtiyac var. Dövlətimiz tərəfindən həyata keçirilən siyasət nəticəsində yeni bilik və texnologiyaların istehsalı, yayılması və tətbiq edilməsi üçün lazım olan bütün şərait yaradılır. Cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır.

İnformasiya texnologiyaları sahəsində əldə edilən tərəqqi insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Bu gün İKT respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin inkişafı, yoxsulluq və işsizliyin azaldılması üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilmişdir. Ölkə başçısı, eyni zamanda, Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu məsələlərə daim diqqət yetirilir.

Azərbaycan yaşıl iqtisadiyyat, yaşıl texnologiya, rəqəmsal iqtisadiyyat konsepsiyalarını həyata keçirir. Hazırda işğaldan azad olunan şəhər və kəndlərimiz məhz bu innovativ texnologiyaya əsasən tikilir, yenidən qurulur. 26-29 may tarixlərində “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalın keçirilməsi bunu bir daha sübut edir. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunub. Əlbəttə ki, bunun həm də rəmzi mənası var. Bu gün Türkiyə və Azərbaycan qardaşlığı, müttəfiqliyi bütün sahələrlə yanaşı, elm və texnologiya sahəsini də əhatə edir. Festival çərçivəsində "SMART QARABAĞ" Hakatonu keçirilir. Hakatonun məqsədi işğaldan azad edilmiş ərazilər üçün “ağıllı” şəhər, kənd, ev təsərrüfatı, nəqliyyat və s. həllərin yaradılmasıdır. Gündən-günə əldə edilən tərəqqi insan kapitalının hərtərəfli inkişafının göstəricisidir. Azərbaycan qadınları və qızları arasında İKT sektoruna dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu sahəyə peşəkar marağın təşviq edilməsi qarşımızda dayanan məsələlərdəndir. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır. Artıq ölkədə xeyli sayda start uplar, inkubasiya mərkəzləri mövcuddur. Və biz çalışmalıyıq ki, onların sayı daha da çoxalsın. Əlbəttə ki, sahədə davamlı olaraq maarifləndirmə işləri aparılmalıdır. Ölkəmizdə keçirilən “TEKNOFEST Azərbaycan” gənclərimizə öz bacarıqlarını göstərmək imkanı yaradacaq və təcrübə qazandıracaqlar. Eyni zamanda, hazırladıqları məhsulları təqdim etmək üçün mühüm platformadır.

Bu zamanın tələbidir. Artıq elm, texnologiya və innovasiya dövlətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. Ona görə də bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və fəaliyyət planları işləyib hazırlamağa ehtiyac vardır. Bütün bunlar isə bu və ya digər ölkənin insanın və dövlətinin inkişafı deməkdir. Dövlət öz siyasi və iqtisadi müstəqilliyini qorumaq üçün yüksək texnologiyaya malik olması müstəsna əhəmiyyətə malikdir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,

professor Hicran Hüseynova