Son illərdə dünyada enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və dayanıqlı inkişaf məsələləri qlobal gündəmin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu kontekstdə Azərbaycan Respublikası da öz enerji siyasətini yeni çağırışlara uyğun şəkildə yenidən formalaşdıraraq bərpa olunan enerji mənbələrinin inkişafını strateji prioritet elan etmişdir. Neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar həm iqtisadi, həm ekoloji, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır.
Müasir dövrdə enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və davamlı inkişaf məsələləri dövlətlərin uzunmüddətli strateji planlamasında həlledici rol oynayır. Prezident İlham Əliyevin bərpa olunan enerji sahəsinə həsr olunmuş son tədbirdəki çıxışı da məhz bu çağırışların fonunda Azərbaycanın gələcək enerji modelini aydın şəkildə ortaya qoymuşdur. Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışında vurğuladığı kimi, bərpa olunan enerji artıq alternativ deyil, ölkənin enerji təhlükəsizliyinin və iqtisadi dayanıqlığının əsas sütunlarından birinə çevrilir.
Azərbaycanın bərpa olunan enerji potensialı kifayət qədər genişdir. Xüsusilə günəş və külək enerjisi sahəsində ölkənin əlverişli təbii-coğrafi şəraiti mövcuddur. Aparılan hesablamalara görə, Azərbaycanın texniki bərpa olunan enerji potensialı minlərlə meqavatla ölçülür. Bu potensialdan səmərəli istifadə məqsədilə dövlət tərəfindən mühüm institusional və hüquqi islahatlar həyata keçirilmiş, xarici və yerli investorlar üçün əlverişli investisiya mühiti yaradılmışdır.
Son illərdə bu sahəyə qoyulan investisiyaların əhəmiyyətli hissəsi beynəlxalq enerji şirkətləri ilə imzalanmış müqavilələr hesabına reallaşır. Xüsusilə külək və günəş elektrik stansiyalarının inşası üzrə həyata keçirilən layihələr ölkəyə milyonlarla dollar həcmində birbaşa xarici investisiya cəlb edilməsinə imkan vermişdir. Eyni zamanda dövlət-özəl tərəfdaşlığı modeli tətbiq edilərək risklərin bölüşdürülməsi və layihələrin davamlılığı təmin olunur.
Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur
Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır.
Prezident çıxışında həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığın əhəmiyyətinə toxunaraq, aparıcı xarici şirkətlərin Azərbaycana olan marağını ölkədə yaradılmış stabil siyasi mühit və aydın enerji siyasətinin nəticəsi kimi
Prezident İlham Əliyevin tədbirdəki çıxışı bir daha göstərdi ki, Azərbaycanın bərpa olunan enerji sahəsinə qoyduğu investisiyalar təsadüfi deyil, düşünülmüş və uzunmüddətli strateji baxışın nəticəsidir. Bu siyasət enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir. Dövlət başçısının liderliyi ilə həyata keçirilən “yaşıl enerji” strategiyası Azərbaycanın gələcək inkişaf modelində mühüm və dönməz yer tutur.
Əminə Ağazadə
Milli Məclisin deputatı