Ölkəmizin ərazi bütövlüyü vahiddir, toxunulmazdır və bölünməzdir

Uzaqgörənliyi, dərin biliyi, yüksək intellektuallığı, xalqına, vətəninə bağlılığı ilə seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizin ən ağır günlərində ona sahib çıxdı. Dahi rəhbərin seçdiyi düzgün strategiya və gələcəyə hesablanmış inamlı fəaliyyəti sayəsində Azərbaycan dövlətçiliyi məhv olmaqdan xilas oldu. Müstəqil Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyev dövlətçiliyimizi inkişaf etdirərək özü qədər inandığı və etibar etdiyi bir şəxsə, yeni əsrin yeni lideri, cənab İlham Əliyevə əmanət etdi. Ulu öndər məktəbinin ən istedadlı yetirməsi olan və 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirdi.

Hər bir azərbaycanlının Prezidenti olacağına söz verən və vədinə əməl edən cənab İlham Əliyevin hakimiyyətdə olduğu 20 ilə nəzər salanda ölkəmizin dinamik inkişafının, sürətlə modernləşməsinin, dünyada nüfuz və söz sahibinə çevrilməsinin şahidi oluruq. Məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki, 2018-ci ildə də şəffaf, azad, demokratik şəraitdə keçirilən növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalq cənab İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara, öz xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycana səs vermiş oldu. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” fikrini səsləndirən Prezident İlham Əliyev davamlı olaraq bu gün də iqtisadiyyat sahəsində  islahatların  təşəbbüskarı və  istiqamətvericisi kimi çıxış edir. Uğurlu iqtisadi inkişafın nəticəsidir ki, insan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin önəmli strateji prioritetləri olmuş, Azərbaycan dünya ölkələri sırasında öncül yer tutmuşdur.

Son illər ərzində əldə edilmiş iqtisadi inkişaf, islahatların uğurla həyata keçməsi nəticəsində ölkəmiz regionun ən qüdrətli dövlətinə çevrilmiş, ən müasir standartlara uyğun ordu quruculuğuna nail olunmuşdur. Cənab Prezidentin uğurlu xarici siyasətinin nəticəsində işğalçı Ermənistanın məkirli siyasətindən, Azərbaycan həqiqətlərindən dünyanın nüfuzlu dövlətləri və beynəlxalq təşkilatları xəbər tuta bilmişlər.

Bu uğurlu siyasətin, qüdrətli ordu quruculuğunun sayəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ən yeni tariximizə qızıl hərflərlə Qələbə sözünü yazdılar. 44 gündə həlli mümkün olmayanı həll edən Azərbaycanın müzəffər əsgər və zabitləri torpaqlarımızı düşmən əsarətindən xilas edərək, xalqımızın 30 illik həsrətinə son qoydular. Torpaqlarımızın, sərhədlərimizin tamlığını bərpa edən qəhrəman oğullarımız qanları bahasına işğaldan azad etdikləri şəhər və kəndlərimizdə Azərbaycan  bayrağını yüksəldərək, şəhidlərimizin qisasını aldılar və hərb tarixinə yeni bir salnamə yazmağı bacardılar. Bununla yanaşı Ali Başa Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz 2022-ci ilin, həmçinin 2023-cü ilin sentyabrında erməni seperatizminə qarşı antiterror tədbirləri həyata keçirərək, düşməni tam məğlubiyyətə uğradıb, ərazi bütövlüyümüzü təmin etdi.

Azərbaycan Prezidenti bir neçə gün öncə bayrağımızı Xocalıda, Xankəndində, Xocavənddə və digər əzəli torpaqlarımızda qürurla ucaltdı. Bu isə bir daha bizim qalib xalqın qalib nümayəndəsi olduğumuzu təsdiq etdi. Azərbaycan Prezidenti bütün dünyaya sübut etdi ki, ölkəmizin ərazi bütövlüyü vahiddir, toxunulmazdır və bölünməzdir.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri