"Ölkəmizin haqlı mövqeyinə açıq dəstək"

"Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqlar post-müharibə dövründə bütün region ölkləri və qonşu dövlətlər üçün yeni iqtisadi inkişaf istiqamətləri açıb. Bu reallıqlar zəminində Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin daha etibarlı formada həyata keçirilməsi üçün əlavə imkanların yarandığı da məlum faktdır. Digər tərəfdən də bütün bu imkanların reallaşması üçün regionda dayanıqlı sülhün və təhlükəsizliyin mövcudluğu zəruri şərtdir. Hadisələrin gedişi də bunu göstərir ki, artıq Avropa Birliyi ölkələri Azərbaycanın müəllifi olduğu reallıqları obyektiv qiymətləndirmək və qəbul etməkdə qərarlıdırlar. O cümlədən mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş növbəti üçtərəfli görüşün nəticələri də bunu təsdiq edir. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi, sayca üçüncü olan bu görüşün nəticələri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün etibarlı zəmin yaradılmasına xidmət edə bilər”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, Brüssel görüşünün gedişində Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması işinə verdiyi töhfələr yüksək qiymətləndirilib, ölkəmizin haqlı mövqelərinə aşkar dəstək nümayiş olunub: “Brüsseldə keçirilmiş növbəti üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın sülh sazişinin imzalanması yönümündə irəli sürdüyü 5 baza prinsipinin Avropa Birliyi tərəfindən dəstəkləndiyinin bariz göstəricisidir. Aprel ayında olduğu kimi, bu dəfəki Brüssel görüşündə də bir sıra vacib məsələlər müzakirə olunub. O cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı tərəflər ciddi irəliləyişə nail olublar. Görüşün nəticələrinə uyğun olaraq, sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Artıq Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam da verilib. Həmçinin Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu bəyanat Azərbaycanın mövqeyinə tam uyğundur və o anlama gəlir ki, Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Sözsüz ki, Brüssel görüşü Azərbaycanın növbəti siyasi uğurudur və bu görüşdə Azərbaycanın haqlı mövqeyinin təsdiqləndiyi bir daha nümayiş etdirildi.” – deyə, N.Aslanov qeyd edib.

Daha sonra deputat mayın 22-də keçirilmiş Brüssel görüşündə kommunikasiyaların açılması ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Həmçinin xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri kommunikasiyaların açılması ilə əlaqədardır. Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəlinib. Bu, əlbəttə ki, Azərbaycanın mövqeyinə tam uyğun bir bəyanatdır və kommunikasiyaların bərpasında, Zəngəzur dəhlizinin reallaşması məsələsində ciddi irəliləyişin əldə olunduğunu deməyə əsas verir. Əslində Zəngəzur dəhlizinin yaradılması təkcə Azərbaycanın deyil, bütövlükdə regionun maraqlarını əks etdirən bir məsələdir və buna görə də bu mövzu hazırda Cənubi Qafqazın siyasi gündəliyinin mühüm tərkib hissəsi kimi çıxış edir. Artıq hər kəs anlayır ki, bu layihənin reallaşması ilə həm regionda, həm də Asiyadan Avropaya doğru geniş bir məkanda tamamilə yeni siyasi-iqtisadi bir mənzərənin formalaşmasına başlanılacaq. Beləliklə, üçüncü Brüssel görüşünün nəticələri Azərbaycanın mövqelərinin daha da möhkəmləndirəcək və ölkəmizin öz strateji hədəflərinə çatmasını bir qədər də tezləşdirəcək”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.