Ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımlar davamlıdır

 “Dövlət başçısı İlham Əliyev günümüzün əsas hədəflərindən bəhs edərkən işğaldan azad edilmiş ərazilərimizin bərpasını və hərbi qüdrətimizin gücləndirilməsini xüsusi qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu gücü, qüdrəti sayəsində 44 gündə 30 ilin işğalına son qoydu. Lakin son üç ilin reallıqlarına diqqət yetirdikdə Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını, işğalçı dövlətin mütəmadi  təxribatlar törətdiyini görürük. Azərbaycan Silahlı Qüvvələrinin bu illər ərzində həyata keçirdiyi “Qisas”, “Qətiyyətli cavab”, bu ilin iyun ayında yenidən “Qisas” əməliyyatı ordumuzun bir daha malik olduğu imkanların nümayişi oldu. Azərbaycan Ordusu ölkəmizə qarşı bütün təxribatların qarşısını qətiyyətlə alır. Təbii ki, bu, dövlətimizin iqtisadi və maliyyə imkanlarının artması fonunda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atdığı davamlı addımların nəticəsidir. Silahlı Qüvvələrimiz hazırda dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dünyada qaydaların tamamilə pozulduğu xüsusi qeyd edilmişdir. Bildirildi ki, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ona görə ilk növbədə, özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra  bu istiqamətdə çox ciddi addımlar atılır. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq. Çünki bu proses davamlıdır.

Millət vəkili  dövlət başçısı İlham Əliyevin ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə imzaladığı “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərmanından bəhs edib: “Silahlı Qüvvələrimizin bugünkü qüdrəti  o ağır illərdə xalqa xilas yolunu göstərən Ulu Öndər Heydər Əliyevin  ordu quruculuğu istiqamətində apardığı  siyasətin məntiqi nəticəsidir. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə ölkəni ağır vəziyyətdən çıxarmaqla təkmil islahatların aparılmasını şərtləndirdi. Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev müdafiə sənayesinin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirir.  Dövlət başçısının Sərəncmı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra ölkəmizdə bu sahənin inkişafında yeni mərhələ başladı. 20 zavodda 1200-dən artıq hərbi təyinatlı məhsulun istehsalı ordumuzun qüdrətini artıran amillərdəndir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması bu sahədə müəyyənləşdirilən hədəflərin uğurlu icrasına böyük töhfə olacaq.”

Malik Həsənov vurğulayıb ki, Azərbaycan müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verir: “Tarixi Zəfərimizdən sonra qardaş Türkiyə ilə bu sahədə möhkəmlənən əməkdaşlıq diqqətdən kənarda qalmır. Azərbaycan Türkiyənin hərbi təhsil sahəsində ən sıx əməkdaşlıq etdiyi və Türkiyə Silahlı Qüvvələri tərəfindən təhsil dəstəyinin təmin edildiyi ölkələr arasında ön sıradadır. Azərbaycan hərbçilərinin Türkiyədə keçirilən hərbi təlim-məşqlərdə iştirakı əsgər və zabitlərimizin peşəkarlığını, döyüş qabiliyyətini artırır. Dövlət başçısı İlham Əliyev hədəflər sırasında Azərbaycan Ordusunun bundan sonra da Türkiyə modeli əsasında inkişaf edəcəyini xüsusi qeyd edir. Cənab İlham Əliyevin “Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi Türkiyəni gücləndirir, ölkənin təhlükəsizliyini təmin edir. Azərbaycanda “Bayraktar” Mərkəzinin yaradılması isə iki ölkənin müdafiə qüdrətini daha da gücləndirəcəkdir” fikirləri iki qardaş ölkə arasında hərbi sahədə həyata keçiriləcək layihələrin davamlı olacağından xəbər verir.”

Millət vəkili, eyni zamanda, diqqəti dövlət başçısı İlham Əliyevin sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşünə yönəldərək bildirib ki, türkdilli dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas tərkib hissəsidir: “Cənab İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası böyük bir ailədir. Son illərdə   bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir.  Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tutub. Dövlət başçısı bir daha belə bir çağırışı səsləndirdi ki, təsir imkanlarımızın daha da geniş olması üçün fəal çalışmalıyıq.”