Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə həyata keçirdiyi “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi çərçivəsində 6 universitetin gənc alim və tədqiqatçılarının iştirakı ilə seminar keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətindən məlumat verilib.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov layihənin mahiyyəti, məqsədi və elmi ictimaiyyət üçün əhəmiyyətindən bəhs edib. Təşkilatın “Open Science” platformasının Azərbaycanda təşviqi və təbliği istiqamətində fəaliyyəti, bu sahədə beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verib.
Seminarda Avropa Gənc Alimlər Şurasının eksperti, Macarıstan Elm və İnnovasiyaların İdarə Edilməsi Fondunun prezidenti dosent Peter Szabo “Macarıstanda ali təhsilin rəqəmsal transformasiyası: Açıq Elm – mövcud tapıntılar və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. Ekspert bildirib ki, “Open Science” elmi-tədqiqatların tamamilə şəffaf bir şəkildə aparılması praktikasını təşviq edir və elmi araşdırmanın nəticələrini hamıya çatdırır. Elmi-tədqiqat növlərinin, araşdırmaların sistemli dəyişiklikləri üçün mümkün olduqca erkən informasiya mübadiləsinə və əməkdaşlığa imkan verir. “Open Science” tez-tez tədqiqat prosesinin istənilən mərhələsində hər hansı nəticələr, resurslar, metodlar və ya vasitələrin növünün paylaşılması, bölüşülməsi üçün maneələri aradan qaldırmağa yönələn müxtəlif hərəkətləri əhatə edən bir termin kimi müəyyən edilir. Eyni zamanda, ekspert “Open Access” (Açıq Giriş) jurnallarında çap olunma qaydaları haqqında da iştirakçılara geniş məlumat verib.
Seminar müzakirələrlə davam edib, beynəlxalq ekspert iştirakçıların suallarını cavablandırıb.
Tədbirdə Azərbaycan Texniki, Bakı Dövlət, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Mühəndislik universitetlərindən və Azərbaycan Milli Konservatoriyasından 180 nəfər gənc alim və tədqiqatçı iştirak edib.