Ordumuzun cavab tədbirləri Qafqazda sülhyaratma məzmununu ehtiva edir

Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali konstitusion niyyət kimi bəyan edib. Postmünaqişə dövründə qalib tərəf olmağımıza baxmayaraq Prezident İlham Əliyevin ardıcıl, qətiyyətli sülh səyləri də Azərbaycanın öz ali niyyətində səmimiyyəti, o cümlədən, beynəlxalq hüququn prinsiplərinə sadiqliyinin göstəricisidir. Amma, eyni zamanda, bizim elə beynəlxalq hüquqla, konkret desək BMT Nizamnaməsinin 51-ci maddəsi ilə dövlətlərə verilən özünümüdafiə haqqımız var.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın davamlı sülh strategiyasına rəğmən Ermənistanın real hərbi imkanları ilə mütənasib olmayan təcavüzkar mahiyyətindən geri çəkilməməsi, normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, götürdüyü öhdəliklərinə zidd olaraq, silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, ərazilərin minalanmasını davam etdirməsi, xüsusən də dövlət sərhədləri boyu mövqelərimizin intensiv və sistematik olaraq atəşə tutulması bizim özünümüdafiə hüququmuzu labüd edir. Bu mənada ötən gecədən etibarən Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərimizin müxtəlif çaplı silahlar, o cümlədən, minaatanlardan intensiv atəşə tutulmasına cavab olaraq, Azərbaycan hərbi birləşmələrinin Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən, infrastruktur işlərinə cəlb olunmuş mülki insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi əks tədbirlər ədalətli xarakter daşıyır, beynəlxalq hüquqa, eləcə də humanitar hüququn tələblərinə tam cavab verən özünümüdafiə hüququnun realizəsidir. Üstəlik, nəzərə alsaq ki, Ermənistanın təcavüz hərəkətlərinin kriminal nəticələri əməkdaşlıq mühiti və perspektivini təhlükəyə atmaqla təkcə ölkəmizin deyil, bütövlükdə digər region dövlətlərinin də maraqlarını pozmağa yönəlib. Deməli Ordumuzun cavab tədbirləri ilə döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması həm də Qafqazda sülhyaratma məzmununu da ehtiva edir.

“Azərbaycanın Müdafiə və Xarici İşlər nazirliklərinin yaydığı bəyanatlarda da ifadə olunduğu kimi, baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti məhz Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki insan itkisi ilə müşahidə olunan qarşıdurma heç şübhəsiz ki, Ermənistanın qeyri-hüquqi fəaliyyətdə təzahür edən və hüquqa uyğun olmayan iradəsinin ifadəsi kimi növbəti təcavüz həmləsidir. Təcavüz aktının bu və ya digər formasına görə isə təcavüzkar dövlət BMT Təhlükəsizlik Şurası qarşısında birbaşa məsuliyyət daşıyır. Görünən odur ki, Azərbaycan Vətən müharibəsindən sonra növbəti dəfə öz gücü hesabına beynəlxalq hüququn aliliyini qorumaqla bəşəri ideallara öz töhfəsini vermiş oldu”, - deyə deputat vurğulayıb.