İran prezidenti Məsud Pezeşkian Omanın paytaxtı Maskat şəhərində İran vətəndaşları ilə görüşündə Güney Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxuyub.
Sabahinfo.az xəbər verir ki, Pezeşkian şeiri Azərbaycan dilində səsləndirib və onun bu hərəkəti alqışla qarşılanıb. Prezident məşhur “Heydər babaya salam” şeirindən bir parça səsləndirib.
Xatırladaq ki, Məsud Pezeşkian bu il aprelin 28-də Bakıda səfərdə olarkən də Şəhriyarın “Heydər babaya salam” şeirindən bir neçə bənd səsləndirmişdi.
Məsud Pezeşkian həmin şeiri Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləmişdi. İran Prezidentinin bu jesti salona toplaşan forum iştirakçılarının alqışı ilə qarşılanmışdı.