Polisin “Saxla” əmrinə tabe olmayan taksi sürücüsü tutuldu - VİDEO

Bakıda polisin “Saxla” əmrinə tabe olmayan taksi sürücüsü saxlanılıb.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbkələrdə yol polisinin “Saxla” əmrinə tabe olmayan taksinin əks olunduğu görüntülər araşdırılıb:

"Yol polisi tərəfindən keçirilən tədbirlərlə həmin taksi avtomobili saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Aparılan araşdırmalarla taksinin sürücüsü - Masallı rayon sakini Aqil Məmmədovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq 2,268 qram narkotik maddə – heroin, 0,710 qram psixotrop maddə – metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

İstintaq hərəkətləri davam etdirilir".