Poroşenko sülhməramlıları Ukraynaya çağırır

Ukrayna prezidenti Petro Poroşenko BMT-nin sülhməramlılarını ölkəsinə dəvət edib. Poroşenko deyib ki, yaranmış vəziyyətdə Avrozonanın polis missiyasının Ukraynaya gəlməsi yaxşı olardı: "Əminəm ki, bu, Rusiya və onun dəstəklədikləri tərəfindən sülh barədə verilən sözlərin tutulmaması şəraitində ən optimal və effektli zəmanət olardı". Bundan əvvəl o deyib ki, 80 faiz Ukrayna hərbçisi son günlər ağır döyüşlər gedən Donetsk rayonunda Debalseve şəhərini tərk edib.  ATƏT-in Ukraynadakı xüsusi nümayəndəsi Mişel Bokiurkiu bildirib ki, missiya nümayəndələri hələlik Debaltseve şəhərinə gedə bilməyib. Onun sözlərinə görə, separatçıların Minsk razılaşmasının şərtlərini öz xeyrinə dəyişdirmək istəməsi qəbuledilməzdir. "Debaltseve - atəşin dayandırılması barədə razılaşmanın bir hissəsidir"-deyə o bildirib.  NATO baş katibi Cens Stoltenberg yenidən Rusiyaya Ukraynanın şərqindəki separatçılara yardımı dayandırmağı tələb edib. Rusiya isə həmişə olduğu kimi separatçılara hansısa yardım etdiyini təkzib edir.