"Prezident İlham Əliyev böyük şəxsiyyət Heydər Əliyevin arzusunu reallaşdırdı"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mayın 10-da Füzuli və Şuşa şəhərlərinə səfər etməsi rəmzi xarakter daşıyır. Çünki həmin tarix Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gündür. 

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Heydər Əliyevin siyasətində ən başlıca məqam ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi. Prezident İlham Əliyev fəaliyyəti dövründə Ulu Öndərin bu siyasətini uğurla davam etdirərək torpaqlarımızı işğaldan azad etdi və ata vəsiyyətini yerinə yetirdi. Bununla da Prezident İlham Əliyev böyük şəxsiyyət Heydər Əliyevin Qarabağın işğaldan azad olunması arzusunu reallaşdırdı. 

Cənab Prezident Şuşada Azərbaycan xalqına müraciətində bu məqamları vurğulayaraq dedi ki, “mayın 10-da mən yenidən ulu öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm”.

30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olunandan sonra bu gün Qarabağımıza yeni həyat verilir. Azad edilmiş ərazilərimizdə böyük tikinti, bərpa və quruculuq işləri aparılır. Əlbəttə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu ərazilərə davamlı səfərlər edərək burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayırlar.  Əminliklə deyə bilərəm ki, proseslərin gedişatı göstərir ki, tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Çünki Prezident İlham Əliyevin də əsas hədəf və məqsədi budur.

MADƏR MUSAYEV

Milli Məclisin deputatı