Prezident İlham Əliyevin Moskva səfəri kifayət qədər məhsuldar oldu, desək, yanılmarıq. Dövlətimizin başçısının qonaq qismində Avrasiya İqtisadi Birliyinin toplantısına qatılması, Rusiya Prezidenti Putinlə və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli və üçtərəfli görüşlər keçirməsi maraqla izlənildi. Doğrudur, Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü deyil, lakin Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə güclü əlaqələrə malikdir. Azərbaycanın həmin ölkələrlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi mövcuddur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan dayanıqlı iqtisadiyyata malik, özünü təmin edən ölkədir və xaricdən hər hansı dəstəyə ehtiyacı yoxdur. Bu, bizə müstəqil xarici siyasət yürütməyə imkan verir. Moskva görüşündən öncə xarici işlər nazirləri Vaşinqtonda, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri isə Brüsseldə görüşmüşdülər. Bu görüşlərdə kifayət qədər irəliləyişlər əldə olundu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
O qeyd edib ki, Moskva görüşündə bizim üçün ən vacib və maraqlı məqam Azərbaycan Prezidentinin Paşinyanın absurd ittiham və iddialarına tutarlı arqumentlərlə cavab verməsi oldu. Dünyanın aparıcı media qurumları Prezident İlham Əliyevin Moskvada Paşinyana keçdiyi master-klasdan yazır. Tədbirdəki replikalar, mübahisələr, daha doğrusu, dövlətimizin başçısının peşəkar çıxışı müxtəlif dillərə tərcümə olunaraq yayımlanır. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, Paşinyan sülh prosesində ritorikanı yumuşaltmaq əvəzinə ittihamlardan istifadə edir. Azərbaycan-Ermənistan münasibətləri beynəlxalq hüquqa əsaslanmaqla ikitərəfli razılıq əsasında həllini tapmalıdır. Paşinyanın savadsızlığı, məhdud dünya görüşü, çıxış etdiyi konfransın siyasi çəkisinin fərqində olmaması Moskvada bir daha özünü göstərdi. Paşinyan növbəti dəfə özünü məsxərə obyektinə çevirdi. Hətta Ermənistanın mətbuatı və sosial mediası Paşinyanın Moskvada çıxışlarını siyasi savadsızlıq kimi təqdim edir. Azərbaycan Prezidentinin tutarlı cavabı Paşinyanı sanki yuxudan oyatdı. Həqiqətən də, görüntülərə baxanda elə təəssürat yaranır ki, rabitəsiz çıxış edən Paşinyan Azərbaycan Prezidentinin cavabından sonra böyük siyasi səhvə yol verdiyini anladı. Mümkündür ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı Moskvadakı çıxışı erməni cəmiyyətinə hesablanmışdı. Çünki bir neçə gün öncə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən və Qarabağı Azərbaycanın ərazisi hesab edən Paşinyana qarşı çox ciddi təzyiqlər var. Ermənistanda müxalif kəsim onu vətən xaini adlandırır. Bu mənada erməni baş nazirin Moskvadakı yersiz və qeyri-peşəkar çıxışlarının səbəbini haradasa anlamaq olar.
“Görünən odur ki, Azərbaycan Prezidenti Moskvada Paşinyana siyasət dərsi keçdi, beynəlxalq hüququ izah etdi. Bildirdi ki, beynəlxalq siyasi münasibətlərdə “dəhliz” termini heç bir halda ərazi iddiası kimi başa düşülmür. Rusiya Prezidenti Vladimir Putin də dövlətimizin başçısının fikirlərini təsdiqlədi. Prezident İlham Əliyev Moskvada vurğuladı ki, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sülh prosesinin inkişaf etdirilməsində mühüm məqamdır.
Ermənistan tərəfi ilə danışıqlarda, həmçinin nəqliyyat əlaqələrinin bərpası müzakirə edilib. Bildirilir ki, burada ancaq texniki məsələlərin həlli qalıb. Gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində bu görüşlərin keçirilməsi, danışıqların aparılması gözlənilir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa və onun daxili işlərinə qarışmamaq öhdəliyi götürərsə əlaqələr artıq yeni bir mərhələyə qədəm qoya bilər. Azərbaycan sülhə hazırdır və yeni mərhələ üçün lazım olan addımları atır. Ermənistan isə sözdə sülhə hazır olsa da, reallıqda vacib addımları atmağa tələsmir. Bu isə sülh prosesini əngəlləyir”, - deyə İltizam Yusifov vurğulayıb.