Prezident İlham Əliyev Ulu Öndərin hədəflədiyi məhkəmə-hüquq konsepsiyasını uğurla inkişaf etdirib

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələrkən ilk bəyanatlarından birində qeyd etmişdi ki, “Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır”. Təsadüfi deyil ki, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilərkən ifadə olunan altı ali niyyətdən biri məhz “xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq” formasında təsbit olundu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, Konstitusiyanın qəbulu fonunda ölkədə genişmiqyaslı islahatlar kursuna start verildi və bu tarixi proseslərin mərkəzində, heç şübhəsiz ki, məhkəmə-hüquq islahatları dayanırdı. Heydər Əliyevin hüquqi konsepsiyası o ideya üzərinə köklənmişdi ki, "ədaləti ədalətsizliklə bərpa etmək olmaz" və bu məqsədlə də hüquqi islahatlar prosesinin vacib elementi kimi Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri ilə Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsipləri müəyyən edildi və 1998-ci il iyulun 14-də Ümummilli Liderin şah əsərlərindən biri olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı.

Deputat qeyd edib ki, Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarının tamamlanması ilə başlanan qızıl dövrü isə məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin arzu etdiyi və hədəflədiyi məhkəmə-hüquq konsepsiyasını uğurla həyata keçirərək daha da inkişaf etdirən İlham Əliyevin prezident seçildikdən sonra ilk imzaladığı normativ hüquqi aktlardan biri 2003-cü il dekabrın 23-də qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında” Qanun oldu.

“Konstitusiya Məhkəməsi özünün 25 illik fəaliyyəti dövründə ali konstitusiya ədalət mühakiməsi orqanı kimi öz işini Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurmuş, qəbul etdiyi 550-dən artıq Qərar və Qərardadında birmənalı şəkildə Konstitusiyanın aliliyinin təmini, hər kəsin əsas hüquq və azadlıqlarının müdafiə edilməsi kimi şərəfli məqsədlərə sadiq qalıb.

Bu gün Konstitusiya Məhkəməsi seçkilər də daxil bir sıra taleyüklü məsələlərdə həlledici instansiya kimi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır, qanunların, qərarların və digər normativ hüquqi aktların Konstitusiya və qanunlara uyğunluğunu yoxlayır, dövlət orqanlarından daxil olan sorğular və ümumi məhkəmələrin müraciəti əsasında Konstitusiya və qanunlara şərh verir, qanunla müəyyən edilmiş formada fərdi şikayətlərə baxır, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməyən qəti qərarları ilə hüquqi dayanıqlılığı təmin edir.

Konstitusiya Məhkəməsinin fəaliyyətində, heç şübhəsiz ki, Məhkəmənin Aparatının işini xüsusi qeyd etmək lazımdır. Bu gün əminliklə demək olar ki, Konstitusiya Məhkəməsinin Aparatı dövlətə, dövlətçiliyə və dövlət başçısına sədaqəti ilə seçilən, ölkənin ən layiqli hüquqşünaslarından ibarət vahid peşəkar komandadır.

İyirmi beşinci ildönümündə, həm hakimlərin, həm Məhkəmə Aparatının işini təhlil edərkən əminliklə demək olar ki, bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi məhz Ulu Öndərin görmək istədiyi ali konstitusiya ədalət mühakiməsi orqandır”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.