Prezident İlham Əliyevin liderliyi ilə enerji təhlükəsizliyimizi təmin edən  layihələrin planlaşdırılması və həyata keçirilməsi davam edir

Oktyabrın 26-da ölkəmizdə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutmuşdur. Bu Azərbaycan üçün həm ümumilikdə iqtisadi inkişafımız baxımından, həm də enerji təhlükəsizliyi baxımından, xüsusən də yaşıl enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi baxımından olduqca mühüm hadisədir. Bu baxımdan əminliklə deyə bilərik ki, ölkəmiz Prezident İlham Əliyevin düşünülmüş siyasəti, onun dünya dövlətləri, beynəlxalq təşkilatlar, dünyanın nüfuzlu enerji şirkətləri, maliyyə qurumları ilə yaratdığı qarşılıqlı-faydalı, iqtisadi-işgüzar əlaqələr  sahəsində son dövrlərin ən uğurlu enerji fəaliyyətini həyata keçirən dövlətlərindən biridir. Ölkəmiz artıq enerji sahəsində “regionun lideri” və “etibarlı tərəfdaş” statuslarını çoxdan qazanmışdır. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində regionda lider və dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyi bir vaxtda ölkəmizin həm də 30 illik düşmən işğalına son qoyaraq ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyi dövrün üst-üstə düşməsi cənab Prezidentin bizim üçün yaratdığı böyük tarixi fürsətdir. 

Dövlətimizin inkişafının bu yeni mərhələsində Azərbaycan enerji siyasəti sahəsində qarşıya yeni hədəflər qoymuşdur. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Cənab Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəziliyi sahəsində əldə etdiyi nailiyyətlər və qarşımıza qoyduğumuz yeni inkişaf istiqamətləri ilə bağlı geniş məlumat vermişdir. Azərbaycanda enerji təhlükəsizliyi artıq tam təmin olunmuşdur. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.  Enerji təhlükəziliyi sahəsində qarşımızda duran əsas hədəflərdən biri bərpaolunan enerji mənbələrindən istifadədir. Qaradağ Günəş Elektrik Stansiyasının inşasının müvəffəqiyyətlə başa çataraq fəaliyyətə başlaması bu hədəflərin uğurla həyata keçirildiyinin göstəricisidir. 

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində bizim dünyanın əksər ölkələrindən üstün mövqeyimiz odur ki, kifayət qədər neft və qaz ehtiyatlarına malik olmayan dünya dövlətlərinin çoxu yaşıl enerjiyə enerji təhlükəsizliklərinin təmin olunma mənbəyi kimi baxır. Azərbaycanın bərpaolunan enerji mənbələrindən istifadə proqramı isə  tamamilə başqa gündəliyə malikdir. Çünki bizim enerji təhlükəsizliyimiz təmin edildiyi üçün biz bu sahəni enerji təhlükəsizliyimizi təmin etmək üçün yox, nəhəng yaşıl enerji potensialımızdan istifadə etmək və enerji sahəsində ixracımızın həcmini daha da artırmaq üçün  inkişaf etdiririk.  

Həyata keçirdiyimiz enerji layihələri bizim həm də beynəlxalq əməkdaşlığımızı, dünya dövlətləri ilə iqtisadi-ticari əlaqələrimizi inkişaf etdirir. Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Birləşmiş Ərəb Əmirlikləri son dövrlərdə, xüsusən enerji sahəsində əlaqələrimizi və dostluğumuzu daha da möhkəmləndirdiyimiz ölkələrdən biri olmuşdur. Regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının açılmasındakı iş birliyimiz əməkdaşlığımızın başlanğıcdır və bu əməkdaşlığın daha da inkişaf edəcəyindən şübhəmiz yoxdur. Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərinə inanan “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib. Milli enerji şirkətlərimiz ADNOC və SOCAR artıq rəsmi olaraq tərəfdaş olublar və  Birləşmiş Ərəb Əmirliklərində, eləcə də digər ölkələrdə birlikdə işləmək üçün planlar var. İnanırıq ki, birgə əməkdaşlıq təkcə ölkələrimizin gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz müsbət töhfəsini verəcəkdir. Məlumdur ki, digər enerji mənbələrindən fərqli olaraq yaşıl enerji mənbələri ekoloji cəhətdən daha təmizdir. 

Azərbaycanın bərpaolunan enerji gündəliyi təkcə günəş və külək elektrik stansiyaları ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda  hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Qarabaq və Şərqi Zəngəzur, o cümlədən Naxçıvan yaşıl enerji zonası elan edilib. 
Əlbəttə, Azərbaycan təbii sərvətlərlə zəngin ölkədir və təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var. Lakin aydındır ki, təbii sərvətlərin mövcudluğu hələ özlüyündə ölkənin iqtisadi inkişafı üçün kifayət deyil. Bunun üçün güclü siyasi hakimiyyət, cəmiyyətdə birlik-sabitlik, düşünülmüş  xarici siyasət, uğurlu beynəlxalq-iqtisadi  əlaqələr, etibarlı nüfuza malik olmaq şərtdir ki, bütün bunlar ölkəmiz üçün Ulu Öndərimiz tərəfindən qazanılmış,  hazırda isə cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən xüsusiyyətlərdir. Cənab Prezidentin liderliyi ilə qarşıda bizi həyata keçirdiklərimizdən qat-qat böyük enerji layihələri gözləyir. Ən böyük planlarımızdan biri Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaqdır ki,  bu istiqamətdə artıq fəal işlər gedir. Nəticədə enerji diplomatiyasından əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın digər sahələrinin də daha da inkişaf etdirilməsinə zəmin yaradacaq. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə Komitəsinin 
sədri Ziyafət Əsgərov