Prezidentdən Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciət edib.

Sabahinfo.az xəbər verir ki, müraciətdə deyilir:

"Əziz gənclər!

Sizi – Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınızı Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Könüllülük və xeyirxahlıq ənənələri xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə vüsət almağa başlayan könüllülük hərəkatı məhz həmin dəyərlər zəminində genişlənərək yeni məna və məzmun kəsb etmişdir.

Vətəndaşın, cəmiyyətin və dövlətin birgə fəaliyyətini təcəssüm etdirən könüllülük bu gün də gənclər siyasətimizin mühüm istiqamətlərindəndir. 2020-ci ilin respublikamızda “Könüllülər ili” elan olunması Azərbaycan dövlətinin könüllülər hərəkatına nə dərəcədə böyük əhəmiyyət verməsinin təzahürüdür.

Ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Könüllülərin sosial sahədə, ictimai xidmətlər sektorunda töhfəsi aydın hiss olunur. Onlar cəmiyyətin maraqları naminə təmənnasız fəaliyyət göstərərək müxtəlif mədəni tədbirlərin, idman yarışlarının, ekoloji və sosial aksiyaların, təbliğat və maarifləndirmə kampaniyalarının uğurla keçirilməsində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında yaxından iştirak edirlər. Minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirmişdir.

Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. İnanıram ki, siz könüllülər bütün qüvvə və bacarığınızı səfərbər edərək, Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqsınız. Sizə bu nəcib amal naminə fəaliyyətinizdə nailiyyətlər diləyirəm".