“Prezidentin Özbəkistan səfəri Türk Dövlətləri Birliyi Təşkilatının inkişafina gətirib çıxaracaq”

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi Könül İsmayılova prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib.

PİA.az həmin paylaşımı təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasında səfərdə oldu. Prezidentin bu səfəri xüsusilə dünyada baş verən son hadisələr, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkirdi.

Bildiyimiz kimi Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal zirvə görüşündə də Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik etmişdir.

Prezidentin Özbəkistana səfəri zamanı diqqətçəkən məqam bu səfərin 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşməsidir. Prezidentin Özbəkistana səfəri zamanı isə Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Xatırlamaq kifayətdir ki, Ulu Öndər Heydər Əliyev də özbək xalqına böyük sevgi ilə yanaşırdı.

Səfər zamanı iki ölkə arasında 19 sənəd imzalandı. Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olması aparılan danışıqlar və imzalanan sənədlərlə öz əksini tapdı. Şübhəsiz ki, müzakirə olunan mövzular və əldə olunan razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq. O da qeyd edilməlidir ki, Prezidentin Özbəkistana səfəri iki tərəfli əlaqələrin inkişafına bundan sonra da mühüm töhfə verəcək. Eyni zamanda bu səfər Türk Dövlətləri Birliyi Təşkilatının inkişafina gətirib çıxaracaq"