Proseslərə kompleks yanaşma

Cənab Prezident İlham Əliyev 12 noyabr tarixində Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul etdi. Gədəbəydən Naxçıvana qədər olmaqla səlahiyyətli nümayəndə və icra başçısı yerdəyişməsi və təyinatı Azərbaycanın bir ucundan digər ucuna qədər uzanır. Deməli, proseslərə kompleks yanaşma var, Azərbaycanın ən ucqar rayonu da idarəçiliyin düz nüvəsində dayanır. Bu dəfə dövlət başçımız tərəfindən istifadə olunan ritorika yeni yanaşmanın, yeni baxışın, əslində isə yanlış fikirlərdən təmizlənən məmur obrazının təqdimatı idi.

Dövlət başçımız olduqca aydın bildirdi ki, vaxtilə yerlərdə gedən mənfi hadisələrin də səbəbi məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz davranışları, proseslərin bilərəkdən və ya bilməyərəkdən yanlış istiqamətləndirilməsi idi. Hər bir halda bu etimada xəyanət deməkdir. Dövlət başçımız bildirdi ki, idarəçilik artıq bu cür insanlardan təmizlənib.

Təyinatlar qədər yerdəyişmələrin özü də göstərir ki, ölkədə çox yaxşı kadr bankı formalaşdırıla bilib. Deməli, sərf edilən əmək itməyib, peşəkar, dövlətə, xalqa sədaqətli kadr yetişdirilməsi işinin özü də idarəçilikdə davam edir. Dövlət başçımızın etimadını zədələməyin, xalqa xidmətdən dönmək yolunun hansı nəticələrə gətirə biləcəyi haqqında da fikirlər dəqiqliklə ifadə edildi.

Hər şeydən öncə vurğulamaq lazımdır ki, ilk növbədə dövlət başçımızın özü ali və ümumi amalı xalqa xidmət yolunda müəyyənləşdirir. Məhz bu baxımdan da böyük etimad göstərərək təyin etdiyi hər bir kadrdan bu ümumi işə kölgə salmamağı tələb edir. Dövlətə qulluq etmək imtiyaz deyil, böyük məsuliyyət olmalıdır. Xalqa xidmət isə həyat tərzinə çevrilməlidir. Məmur özünü cəmiyyətdə nümunəvi aparmalı, xalqdan biri olduğunu heç zaman unutmamalıdır. Dövlətin yürütdüyü siyasətə, səylərə ləkə salmaq yolverilməzdir. Böyüklük sadəlikdə gizlidir. Xalqla iç-içə olmaq lazımdır. Dövlət başçımız çıxışında bildirdi ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Deməli, bu mənfi nəticəyə varmadan ilkin olaraq hesabatlılıq nəzərə alınmalıdır. Məmur özü qarşısında hesabat verməyi bacarmalıdır. Azərbaycan qanunları hər kəs qarşısında qırmızı xəttdir. Bunu ilk öncə xalqa xidmət yolunu seçmiş məmurlar keçməməlidir.

Çıxışı boyu dövlət başçımız bir məsələyə də toxundu ki, bu da torpaqlarla bağlı idi. Torpaqlardan səmərəsiz istifadə, onu zəbt etmə, torpaqlara varlanma metodu kimi baxma halları qəti surətdə olmamalıdır. Sadə dillə desək torpaq məmurun deyil, xalqındır. Bu baxımdan bütün yararlı torpaqlar xeyir verən, xeyir gətirən məqsədlər üçün istifadə olunmalıdır.

Bu gün Azərbaycanın bölgələri inkişaf edir, onların paytaxt səviyyəsinə çatdırılması istiqamətində ardıcıl addımlar atılır. İnfrastruktur layihələri icra olunur, elektri enerjisi ilə təminat nəzərəçarpan dərəcədə yaxşılaşıb. Dövlət başçımız bölgələrin inkişafı ilə bağlı haqlı olaraq əldə etdiyimiz böyük uğurları sıralayır. Burada nəzərəçarpan bir xüsusi məqam da var ki, ali rəhbərimiz öz qarşısında, xalq qarşısında da səmimi formada hesabatlılıq formalaşdıraraq bildirir ki, arzu etdiyimiz nəticəyə tam çatmamışıq. Lakin edilən bütün işlər keyfiyyətlidir ki, dövlətimiz üçün də kəmiyyətin keyfiyyəti üstələməməsi, ya da ikincinin birincidən geri qalaraq büdrəməməsi vacibdir. Məmur özü ilə xalq arasında baryer qurmamalı, dövlətlə xalq arasında körpü olmalıdır. Məhz bu qurucu yanaşma vətəndaşın dövlətə olan etimadını, dövlətin güvənc yeri olduğu fikrini daha da möhləmləndirir.

Aydın Hüseynov

Milli Məclisin deputatı