Puta qəsəbəsində vətəndaşların qəbulu keçirilib  

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ilə birlikdə mayının 17-də Qaradağ rayonun Puta bələdiyyəsinin inzibati binasında bir qrup vətəndaşı qəbul edərək onların müraciət və təkliflərini dinləyiblər.

Qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinin və işıqlandırılmasınin başa çatdırılmasına, 4-cü Puta küçəsi ilə 5-ci Puta küçəsinin kəsişməsində yararsız hala salınmış asfalt örtüyünün təmir edilib yenidən asfaltlanmasına, təmiri yarımçıq qalmış idman kompleksinin təmirinin başa çardırılmasına və avadanlıqlarla təmin edilib istifadəyə verilməsinə, aptek üçün torpaq sahəsinin ayrılmasına, qəbristanlığın təmir edilməsinə, xeyir-şər evinin tikilməsinə, qəsəbədə kanalizasiya şəbəkəsinin yenidən qurulmasına, yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, 126 nömrəli avtobus xəttində səhər, günorta və axşam vaxtlarında olan sərnişin sixlığının aradan qaldırılması üçün marşruta əlavə avtobusların buraxılmasına və ya aztutumlu avtobusların iritutumlu avtobuslarla əvəz edilməsinə, vətəndaşın əmlakını mənimsəyən və vurduğu ziyanı ödəməkdən boyun qaçıran börclu şəxsin axtarılıb tapılmasına və cəzalandırılmasına, əhali arasında hüquq təbliğatının gücləndirilməsinə, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.

Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib. Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər, hər belə qəbul və görüşlərin prezident İlham Əliyevin vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.

Qəbulda Qaradağ Rayon İcra Hakimiyyəti başçisinin Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ayaz Dünyamalıyev və Qaradağ rayon Puta bələdiyyəsinin sədri Emin Ramazanlı iştirak ediblər.

  Belə qəbulların mahiyyəti deputat-seçici münasibətlərinin daha da yaxşılaşdırılmasını təmin edir.