Putin Ukraynaya səsləndi

Rusiyanın Ukrayna ilə müharibə edəcəyini gözləməyə dəyməz. Bunu Rusiya prezidenti Vladimir Putin Rusiyanın dövlət televiziyasına müsahibəsində deyib. Rusiya prezidentinin fikrincə, bu cür apokaliptik ssenari çətin ki mümkün olsun. Putin həmçinin ukraynalı həmkarı Pyotr Poroşenkonun Krımı Ukraynanın tərkibinə qaytaracaqlarına dair bəyanatına da münasibət bildirib. Vladimir Putinin sözlərinə görə, Ukrayna rəhbərliyi iqtisadiyyatı, sosial sahəni tənzimləməli, ölkənin cənub-şərqi ilə münasibətlərini mədəni şəkildə düzəltməli və Donbas bölgəsində yaşayan insanların qanuni hüquqlarını və maraqlarını təmin etməlidir. "O ki qaldı hansısa ərazilərin geri qaytarılmasına, fikrimcə, bu qisasçı xarakter daşıyan məsələlərdir və söhbət hansısa ərazinin harasa qaytarılmasından getmir. Heç bir məsləhət vermək istəməzdim, amma məsələ burasındadır ki, Ukrayna kimi böyük bir Avropa ölkəsinin rəhbərliyi, ilk əvvəl, öz ölkəsini normal həyata qaytarmalıdır”, - deyə Putun bildirib. Bu gün isə Parisdə Ukraynanın şərqindəki münaqişənin sülh yolu ilə həllinə yönəlmiş Rusiya, Almaniya, Fransa və Ukraynanın xarici işlər nazirlərinin Normandiya formatında görüşü keçiriləcək. Danışıqlarının bir neçə saat davam edəcəyi gözlənilir.