Qadın sahibkarlığının inkişafına töhfələri yüksək qiymətləndirilir

Bakı Tekstil Fabrikinin kollektivi, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri və fabrikin təsisçi direktoru Səkinə Babayevanın doğum günü münasibətilə təbrik etmək üçün bir araya gəliblər. Onun rəhbərliyi, vətənpərvərliyi və sahibkarlıq sahəsindəki fədakarlığı yüksək qiymətləndirilib. Təbrikdə, S.Babayevanın 20 ildən çox sahibkarlıq sahəsində göstərdiyi zəngin təcrübə, sarsılmaz iradə və əvəzsiz xidmətləri ilə ölkənin biznes mühitində nüfuzlu şəxsiyyətə çevrildiyi vurğulanıb.

“İki sahil” xəbər verir ki, Səkinə Babayeva çoxsaylı uğurlu layihələrə imza atıb, yerli və beynəlxalq səviyyədə qazandığı nailiyyətlərlə tanınıb. O, hüquqi və demokratik islahatlara verdiyi töhfələrə görə "Xalq və Azərbaycan Naminə" Fəxri diplomu, gənclərin Heydər Əliyev ideyaları ilə tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə "Sədaqətli Əliyev" Fəxri diplomu ilə təltif olunub. Onun fəaliyyəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ildə "Tərəqqi" medalı ilə də dəyərləndirilib.

 

Qadın sahibkarlığının inkişafı üçün yorulmadan çalışan Səkinə Babayeva, 2020-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “İlin iş adamı” seçilib və Türk dünyasının mədəni-iqtisadi əlaqələrinə verdiyi töhfələrə görə qızıl medalla təltif olunub. 2021-ci ildə isə BMT-nin Beynəlxalq Mükafatlar Komitəsi tərəfindən “Şərəf və Ləyaqət” Ordeni ilə təltif edilib və Caspian Energy Club tərəfindən “İlin ən uğurlu sahibkarı” adına layiq görülüb.

 

Səkinə Babayeva 2022-ci ildə Türkdilli Dövlətlərin Qadın Sahibkarlar Komitəsinin sədri seçilib və hal-hazırda BƏƏ-də Şeyx Fatimənin idarə etdiyi Beynəlxalq Qadın Sammitinin üzvü, KOBİA ictimai şurasının üzvü və Özbəkistanda Tekstil Assosiasiyasının fəxri üzvüdür. Onun liderliyi, Azərbaycan və Türk dünyasının iqtisadi inkişafında aparıcı rol oynayan qadın sahibkarlığına göstərdiyi töhfələrlə gələcək nəsillərə örnəkdir.