Azərbaycan qadını cəmiyyətimizin mənəvi dayağıdır

Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın mədəni simasının müəyyənləşməsində vacib rol oynamışdır. Tariximizin ən çətin, mürəkkəb dövrlərində onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər.

Azərbaycan qadını bütün zamanlarda müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınıb. Onlar ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etməklə Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim əzmlə çalışmışlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual səviyyəyəsinin bariz nümunəsidir.

Azərbaycan qadınları son yüz ildə ölkəmizin təhsil, səhiyyə, mədəniyyət və sosial-ictimai sahələrində də fəaliyyət göstərmiş və böyük uğurlar əldə etmişlər. Əminik ki, sizlər bundan sonra da dəyərlərimizin, ənənələrimizin yaşadılması üçün səylərinizi əsirgəməyəcəksiniz.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayaraq 44 gün müddətində davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu işğal altında olan tarixi torpaqlarımızı azad edərək Zəfər qazandı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu Zəfərin əldə olunmasında göstərilən qəhrəmanlıq, qorxmazlıq Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdiyini, onları xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirdiyini bir daha təsdiqlədi.

Mən torpaqlarımızın müdafiəsi və işğaldan qurtarılması zamanı canlarından keçmiş igid övladlarımızın xatirəsini bir daha ehtiramla yad edir, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına xoş arzularımı yetirirəm.

Əziz xanımlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ölkəmizin tərəqqisi və xalqımızın firavan gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.

Əminə Ağazadə 

Milli Məclisin deputatı