"Qalatasaray"-"Fənərbağça" final matçı ləğv edildi - ŞOK SƏBƏB

Bu gün Türkiyə Superkubokunda "Qalatasaray"la "Fənərbaxça" arasında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan oyun baş tutmayıb.
 
Sabahinfo.az  "NTV Spor"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistani hökuməti klublara qadağa tətbiq etdiyinə görə komandalar meydana çıxmayıblar. 

Məsələ ondadır ki, komandalar oyundan əvvəl meydana Mustafa Kamal Atatürkün şəkli olan köynəklərlə çıxmağı planlaşdırıblar. Lakin yerli hökumət buna qarşıdır.  Klublar bu qadağanın olacağı halda meydana çıxmayacaqlarını bildiriblər və oyun üçün stadiona getməyiblər. Oyunun başlanma saatından bir qədər sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib. 

Qeyd edək ki, paytaxt Ər-Riyadda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Fənərbaxça" qarşılaşması Bakı vaxtilə saat 21:45-də başlanmalı idi.