Prezident İlham Əliyev Baş nazir Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfər etdi. Səfər bir çox cəhətinə görə əhəmiyyətlidir. Əvvəla, cənab Prezidentin Budapeştdə mətbuata bəyanatında xüsusi olaraq vurğuladığı kimi, Azərbaycan və Macarıstan dost ölkələr olmaqla yanaşı, həm də strateji tərəfdaşdırlar. Digər tərəfdən, Mərkəzi Avropada yerləşən Macarıstan 2004-cü ildən Avropa İttifaqının (Aİ) üzvüdür. Təsadüfi deyil ki, Azərbaycan Prezidentini Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar. Eyni zamanda, Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi ölkə statusunda təmsil olunur və TDT-nin Dövlət Başçıları Şurasının ikinci qeyri-rəsmi iclasına ev sahibliyi edir.
Nəhayət, Azərbaycan ilə Macarıstan arasında yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlıq münasibətləri ərazi bütövlüyünün toxunulmazlığı, suverenliyə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq kimi mühüm beynəlxalq prinsiplərə söykənir. Üstəlik, qarşılıqlı şəkildə faydalı olan iqtisadi əlaqələrimizin daha da dərinləşməsi üçün geniş imkanlar və ən başlıcası, ölkə Liderləri səviyyəsində qətiyyətli və müstəqil siyasi iradə mövcuddur. Macarıstanın Azərbaycanla münasibətlərə verdiyi yüksək qiymətin və göstərdiyi həssasiyyətin arxasında həm də ölkəmizin ötən illər ərzində etibarlı tərəfdaş kimi qazandığı siyasi nüfuzuna rəğbət hissi dayanır. Bu baxımdan, Baş nazir Viktor Orbanın Azərbaycan Prezidentinin iştirakı ilə mətbuata bəyanatında səsləndirdiyi açıqlama xüsusi diqqət çəkir:
“Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə- diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”.
Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfərinin əhəmiyyəti həm də onunla bağlıdır ki, bu səfər yeni dünya düzəninin formalaşdığı mürəkkəb bir dövrə təsadüf edir. Macarıstanın üzv olduğu Aİ-nin Rusiya ilə münasibətləri kəskin qarşıdurma səviyyəsindədir. Şimal-şərqdən Ukrayna ilə qonşu olan Macarıstan, bir tərəfdən, üzv olduğu Aİ qarşısındakı öhdəliklərinə əməl etmək, digər tərəfdən isə özünün suveren maraqlarını qorumaq məcburiyyətindədir. Baş nazir Viktor Orbanın mətbuata bəyanatından məlum oldu ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Macarıstan iqtisadiyyatının itkisi 20 milyard avro təşkil edir. Başqa sözlə, üç ildən çox davam edən müharibə Aİ-yə üzv olan ölkələrin iqtisadiyyatını da ciddi şəkildə təsirləndirir və belə bir vəziyyətdə balanslı siyasətin yürüdülməsi imkanı ciddi çətinliklərlə üzləşir.
Azərbaycan Prezidenti mətbuata bəyanatında bu cür həssas məqamları nəzərə alaraq, qeyd etdi ki, Azərbaycan da eyni çağırışlarla üz-üzədir və müharibə aparan digər ölkə-Rusiya ilə həmsərhəddir. Eyni zamanda, dövlətimizin başçısı diplomatik incəliklə onu da vurğuladı ki, Azərbaycan İkinci Qarabağ müharibəsini öz ərazisində apardı, nəticədə Ermənistanın 30 illik işğalına savaş meydanında Qələbə ilə son qoydu və bu müharibə üç il yox, cəmi 44 gün çəkdi. Prezident İlham Əliyev diplomatik üslubda əhəmiyyətli bir fərqi də xüsusi qeyd etdi:
“İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik”.
Dövlətimizin başçısı Aİ-yə üzv olan Macarıstandan bütün dünyaya, o cümlədən mövcud həqiqətləri ört-basdır etməyə çalışan dairələrə bir daha çatdırdı ki, müharibədən sonra sülh təşəbbüsünü irəli sürən də, sülh müqaviləsinin mətnini hazırlayan da məhz Azərbaycan olub. Prezident dünya birliyinə növbəti dəfə onu da xatırlatdı ki, ölkəmizə qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan konstitusiyası dəyişdirildikdən və ATƏT-in Minsk qrupundan de-yure imtina olunduqdan sonra dayanıqlı sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq. Prezident İlham Əliyevin verdiyi bu bəyanat isə həm Ermənistan hökuməti, həm də onun havadarları üçün növbəti xatırlatma və xəbərdarlıq mesajıdır:
“Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”.
Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi başlanandan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və 12 dövlətə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsi olmaqla, 8-i Aİ üzvüdür. Ötən ildən başlayaraq, Macarıstan da Azərbaycan qazı ilə təchiz olunur. Eyni zamanda, Macarıstan şirkətləri “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir.
2026-cı ildə isə növbəti kontraktın imzalanması nəzərdə tutulur. Avropa İttifaqında və Türk Dövlətləri Təşkilatında təmsil olunan Macarıstanla səmərəli iqtisadi əlaqələrin qurulması, heç şübhəsiz ki, ölkələrimizlə yanaşı, bütövlükdə Türk Dünyasının maraqlarına cavab verir və Orta Dəhlizin reallaşması yolunda əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev həmin amilləri nəzərə alaraq, mayın 21-də Budapeştdə keçirilən TDT-nin Dövlət başçılarının ikinci qeyri-rəsmi Zirvə görüşündə bu mühüm mesajı verdi:
“Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır”.
Azərbaycan Prezidentinin bu bəyanatının arxasında da danılmaz tarixi gerçəklik dayanır. Zəngəzur Dəhlizinin, habelə digər nəqliyyat qovşaqlarının açılmasını uydurma bəhanələrlə ləngidən Ermənistan rəhbərliyi və havadarları bilməlidirlər ki, bu cür simulyasiya siyasəti Ermənistanın iqtisadi dalandan çıxmasına xidmət etmir. Əksinə, artıq mövcud olan alternativ imkanların əhəmiyyətini daha da artırır. Buna görə də heç bir maneə, heç bir məkrli plan Avrasiya məkanının ümumi iqtisadi maraqlarına xidmət edən Orta Dəhlizin gerçəkləşməsinin qarşısını ala bilməyəcək. Ermənistan hökuməti Zəngəzur Dəhlizinin açılması üçün siyasi iradə göstərməyə cəsarət etməyəcəksə, bu yalnız Ermənistanın əleyhinə işləyəcək və iqtisadi maraqlarına növbəti dəfə zərbə vuracaq.
Ermənistan və onu himayəyə götürən bəzi oyunçular bunu da bilməlidirlər ki, Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında etibarlı körpülərin, səmərəli iqtisadi bağlantıların qurulması seçiminə sadiqdir və kimlərinsə manipulyativ addımları onu bu seçimdən çəkindirməyəcək. İstəyib-istəməmələrindən asılı olmayaraq, Türk Dünyasının maraqları və onu təmsil edən Türk Dövlətləri Təşkilatının beynəlxalq faktor kimi rolu, habelə coğrafi reallıqlar nəzərə alınmadan, Avropa və Asiya arasında etibarlı bağlantıların qurulması mümkünsüzdür. Formalaşmaqda olan yeni dünya düzəninin doğurduğu mürəkkəb çağırışlar fonunda həmin geosiyasi reallıq nə qədər tez anlaşılarsa, bu nəinki iki qitənin ortaq iqtisadi maraqlarına, bütövlükdə təhlükəsiz dünya nizamına daha çox fayda verə, müharibə və münaqişə ocaqlarının ən azından azalmasına xidmət edə bilər.
Bu illər ərzində Azərbaycan Liderinin iradə əzmini və mövqe bütövlüyünü təzyiq, təhdid və siyasi şantaj dili ilə sınağa çəkmək istəyənlər isə yaxşı olar ki, mayın 16-da Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyev ilə görüşən dövlət və hökumət başçılarının bədən dilinə, gülümsəyən üzlərinə bir daha diqqət yetirsinlər. Qalib Xalqın Qalib Liderinə, ədalətli Qələbənin memarına münasibət başqa cür olmur və ola da bilməz!
Ülvi Quliyev
Milli Məclisin deputatı