UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a uduzaraq (1:6, 2:3) avrokuboklarda çıxışını başa vuran "Qarabağ"ın hansı futbolçularla vidalaşacağı bəllidir.
Sabahinfo.az Fanat.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov səviyyənin yüksəldilməsində israrlıdır və bu səbəbdən cari mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyi planlaşdırır.
Yerli oyunçulardan mərkəz müdafiəçisi Bədavi Hüseynov karyerasını bitirəcəksə, bu mövsüm komandaya fayda verməyən hücumçu Ramil Şeydayevlə müqavilə yenilənməyəcək.
Bir müddət öncə Çinə yollanmağa yaxın olan stopper Bəhlul Mustafazadənin gələcək taleyi hazırda qeyri-müəyyəndir. Zədə səbəbindən məşqlərə qatılmayan milli üzvü yeni çağırışları nəzərdən keçirməkdə, legioner həyatı yaşamaqda maraqlıdır.
Legionerlərə gəlincə, 53 yaşlı mütəxəssis Zaqreb "Dinamo"sundan cari mövsümün sonunadək icarəyə götürülən mərkəz müdafiəçisi Sami Mmayenin və dayaq yarımmüdafiəçisi Kris Kuakunun da komandada qalmasını vacib saymır.
Ağdam təmsilçisi hazırda idman intizamını pozduğu üçün əvəzedici komandaya göndərilən 29 yaşlı mərakeşlinin transfer hüquqlarına yiyələnməyə can atmayacaqsa, arzulanan performansla yadda qalmayan Kuakunun da yayda icarəyə veriləcəyi və ya satılacağı gözlənilir.
Xorvatiya əsilli almaniyalı qapıçı Fabian Buntiçin də yeni "futbol ili"nə "Qarabağ"da başlamaq ehtimalı çox azdır.
Yarımmüdafiəçi Marko Yankoviç və polşalı qolkiper Mateuş Koxalski isə rəsmi təklif gələcəyi halda, satılacaqlar.