Qarabağ dünyanın ən gözəl məkanlarından birinə çevriləcək

Ölkə başçımız cənab İlham Əliyevin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində işğaldan azad olunmuş ərazilərimiz qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirilir. Erməni faşistləri tərəfindən, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz bərpa olunur.

44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərimizin davamı olan Qarabağda quruculuq işlərinin geniş vüsət alması güclü dövlətimizin, güclü liderimizin sayəsində mümkün olub.

Prezidentimiz cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə hər səfəri mənfur düşmənin 30 il ərzində xarabalığa çevirdiyi torpaqlarda normal həyatın tezliklə bərqərar olunacağının zəmanətidir.

Müstəqillik Günü ərəfəsində, böyük rəmzi məna daşıyan Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılış mərasimində Prezident cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı, Ağalı kənd meydanı ilə tanışlığı, sakinlərlə görüşü Böyük Qayıdış prosesinin daha da sürətləndiyini təsdiq edir.

Bir il əvvəl bərpa-quruculuq, inşaat işlərinə başlanan Ağalı kəndində 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri sakinlərin ixtiyarına veriləcək.

Ölkə Prezidenti cənab İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib ki, xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır.

“Böyük qayıdış”ın astanasında olan yurddaşlarımızın doğma yurd həsrətinə birdəfəlik son qoyulur. Ata-baba yurdlarından didərgin salınmış həmvətənlərimiz isti ocaqlarına qayıtmağa hazırlaşırlar.

Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, dörd Lüksemburq ölkəsi qədər, bir Livan ölkəsinə bərabər azad edilmiş ərazilərdə dəmir yolları, altı və dörd zolaqlı avtomobil yolları çəkilir, böyük aqropark salınır. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir.

Azad edilmiş torpaqlarımızın çiçəklənən bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlərin aparılması Ulu Öndər Heydər Əliyevin dövründən təməli qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və məqsədyönlü siyasətin ilbəil öz bəhrəsini verməsi nəticəsində mümkün olmuşdur.

İşğaldan azad edilmiş digər şəhər və kəndlərimiz də çox tez bir zamanda inkişaf edəcək, arzuladığımız kimi dirçələcək, nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. İllərdir düşmənin dağıdaraq viran qoyduğu yurd yerlərimizə ayaq basanda işğalın ağır nəticələri, ağrı-acıları ilə deyil, gözəlliklərlə, doğma el-obalarına qayıtmış soydaşlarımızın çöhrəsindəki xoş təbəssümlə qarşılaşacağıq. Buna isə kimsənin şübhəsi olmasın.

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri