Qarabağ və Zəngəzur təkcə Cənubi Qafqazda deyil, dünyada nümunəvi bölgə kimi inkişaf olunacaq

Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın  qədim diyarıdır. Yeraltı və yerüstü sərvətlərə, flora və fauna, bol su ehtiyatlarına, tarixi mədəni-dini abidələrə malikdir. Turizmin inkişafı üçün geniş imkanlar var.   Əfsuslar olsun ki, həmin gözəl və bərəkətli meşələr, çaylar, təbiət  ermənilər tərəfindən ekoloji terrora məruz qalmışdır. 
Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı xüsusi məruzə hazırlandı və qəbul edildi. Tərtər, Həkəri, Bazarçay, Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır.  Oxçuçayı  çirkləndirən  “Cronimet” şirkəti, eləcə də təbiətimizə, təbii sərvətlərimizə ziyan vuran, onu qəddarcasına istismar edən bütün xarici şirkətlər   məsuliyyətə  cəlb ediləcəkdir. Bununla bağlı lazımı işlər görülür.   Həm Azərbaycan vətəndaşları, həm dünya ermənilərin 30 illik cinayətlərin fəsadlarını bilməlidir.
 Hazırda, erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa tikinti işlər aparılır. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, azad edilmiş torpaqları da öz gücümüzə bərpa edirik. Tarixdən bilirik ki, müharibələrdən, müharibənin yaratdığı dağıntılardan sonra beynəlxalq təşkilatlar, donor təşkilatlar, münaqişələrin fəsadlarının aradan qaldırılmasına yardım edən təşkilatlar maliyyə yardımı göstərirlər. Lakin Azərbaycana münasibətdə biz bu görmürük.  Əksinə daha çox işğalçıya yardım edilir. Hətta Azərbaycanın ərazi bütövlüyünün tanınması prinsipini qəbul etmək istəmirdilər. Əlbəttə ki, Azərbaycan hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşırdı və  gərgin mübarizədən, danışıq və təqdim olunan inkar olunmaz faktlardan sonra qəbul edilən bəyannamə və qətnamələrə Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsinin salınmasına nail olurdu. Baxmayaraq ki, hər kəs kimin işğalçı, kimin də işğala məruz qaldığını yaxşı bilirdi, bununla belə biz ikili standartlarla üzləşirdik. Və əfsuslar olsun ki, bu gün də bu yanaşmanı müşahidə edirik. Bir müddət əvvəl  Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə düşmüşdür və qaz yox idi.  Ermənilər və onların havadarları  bir-birinin ardıca böhtan xarakterli  bəyanatlar verirdilər ki, Azərbaycan burada humanitar fəlakət törədir.  Bəs  Ermənistan rəhbərliyi, Ermənistan dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına  gedən qazı kəsəndə, insanları 15 il qazsız yaşamağa məcbur edəndə niyə heç kim bəyanat vermirdi, çıxış etmirdi? Bu humanitar fəlakət deyildi?   Əfsuslar olsun ki, ikili standartlar və ayrı-seçkilik yenə də özünü göstərir. 
 Azərbaycan növbəti dəfə də  humanizm göstərərək  qazı bərpa etdi. Cənab Prezidentin  dediyi kimi,  ermənilər bunu qiymətləndirməlidirlər. Ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. 
 Aprelin 12-də keçirilən müşavirədə cənab Prezident qeyd etdi ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Eyni zamanda, dünya üçün də bu inkişaf bir nümunə olacaq. Çünki bu torpaqlar Azərbaycanın qədim əraziləridir, bizim böyük tariximiz var. Qarabağ və Şərqi Zəngəzur başdan-başa Azərbaycan tarixidir, bunu hər addımda görmək olar. 30 ilə yaxın ermənilər orada nə qədər saxtakarlıqlar etsələr də, bizim tarixi- mədəni-dini irsimizi dağıtsalar da hər bir daşımız, ağacımız, evimiz, abidəmiz bütünlüklə Azərbaycana, Azərbaycan xalqına aid olduğunu qoruyub saxlaya bilmişdir.  Hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Hökumət keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qaytarmaq üçün kompleks tədbirlər görülür. İnfrastruktur qurulur, yollar, körpülər, yaşayış binaları, sosial obyektlər tikilir,  kənd təsərrüfatı, sənayenin müxtəlif növlərinin yaradılması, turizmin inkişaf imkanları öyrənilir, artıq bununla bağlı bəzi layihələrə start verilmişdir.  Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə tarixi-mədəni-dini abidələrimiz bərpa olunur, bir çoxu yenidən tikilir. Dövlətimiz  öz gücü, öz vəsaitləri və doğru planlamaları ilə    erməni işğalından azad etdiyimiz ərazilərimizə yeni həyat gətirəcəkdir Qeyd etmək lazımdır ki, bərpa-quruculuq işlərində sahibkarlarımız çox böyük həvəslə, maraqlı layihələrlə iştirak edirlər, təkliflər verirlər.  Qadın sahibkarlarımız da bu prosesdən kənardan qalmırlar. Artıq həmin qadınlar Qarabağ və Şərqi Zəngəzurda həyat keçirmək istədikləri layihələri təqdim etmişlər.
Bütün görülən işlər bir daha göstərir ki, hazırda ərazilərimiz minalardan təmizlənir və sürətli quruculuq işləri aparılır. Azad edilmiş bütün ərazilərdə  şəhərlərlə paralel olaraq kəndlərin yenidən qurulması layihələri hazırlanır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, 
professor Hicran Hüseynova