"Qarşıdurmaların baş verməsində maraqlı olan qüvvələr var"

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, o cümlədən Ermənistan-Azərbaycan sərhədində qanunsuz erməni silahlı dəstələrinin təxribatlar törətməsində, qarşıdurmaların baş verməsində maraqlı olan qüvvələr var”.

Bu barədə Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib. Deputat qeyd edib ki, Ermənistan və Azərbaycan arasında təmaslar yaranan kimi həmin qüvvələr çirkin niyyətlərini ortaya qoyurlar, qanunsuz erməni silahlılarına təxribatlar həyata keçirmək sifarişi verilir. Son bir neçə gün ərzində ard-arda həyata keçirilən təxribatları da bu qəbildən olan addımlar hesab etmək olar:

“Dünən Minsk şəhərində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş zamanı əsgərimizin həlak olması ilə nəticələnən qanlı hadisə baş verdi. Deməli kimlərsə bu təmaslardan, görüşlərdən bərk narahatdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında da Qarabağ mövzusuna toxunub. Dövlətimizin başçısı bir daha bildirib ki, müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa, həmçinin Ermənistanla sülh sazişinə dair danışıqlara da hazırıq. Rusiya Prezidenti Vladimir Putin də çıxışında bildirdi ki, sülhməramlılar Qarabağda atəşkəs rejiminin qarantıdır və Qarabağla bağlı vəziyyəti “pis sülh, yaxşı müharibədən daha yaxşıdır” deyə şərh etdi. İnanmaq istərdik ki, üç ölkə liderləri arasında imzalanmış bəyanata uyğun olaraq Rusiya sülhməramlıları da üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirəcək. Rusiya sülhməramlıları atəşkəs rejiminin qarantı olduqlarını erməni qanunsuz silahlı birləşmələrini bölgədən çıxarmaqla və tərksilah etməklə, təxribatlara imkan verməməklə isbatlamalıdır. Bu təəssüf ki, ermənilərin təxribatları get-gedə artır və bu hadisələr məhz Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki silahlı ermənilər tərəfindən həyata keçirilir”.

A.Hüseynov bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni qanunsuz silahlı dəstəsi tərəfindən Silahlı Qüvvələrimizin əsgərinin vurulması  və ondan öncə Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobil karvanına atəş açılması ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın pozulmasıdır və həmin bəyanata meydan oxumaqdır: “Həmin bəyanatın bir maddəsi də sülhməramlıların yerləşdiyi ərazilərdə heç bir silahlı birləşmələrin mövcud olmaması barədədir. Əgər Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşayışının təmin olunmasından söhbət gedirsə, üstəlik sülhməramlıların müvəqqəti yerləşdikləri bu ərazilərdə Azərbaycan silahlı qüvvələrinin əsgərləri yoxdursa, deməli silahlı ermənilər də olmamalıdır. Görünür, Ermənistanın Qarabağ bölgəsindəki uzantısı olan separatçı-revanşist ermənilər hələ də nəyəsə ümid edirlər. Amma bilməlidirlər ki, müharibə artıq sona çatıb. İstədiklərinə nail olmayacaqlar”.