Qazilərə yazılan cərimələr silinsin - TƏKLİF

I və II Qarabağ müharibəsi qazilərinə verilən avtomobillərdə olan cərimələrin silinməsi təklif edilir.  

Sabahinfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov çıxış edib. 

O bildirib ki, I və II Qarabağ müharibəsi qazilərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və bunu fürsət kimi dəyərləndirərək gələn cərimələri ödəməyiblər:

“İllər ərzində həmin cərimələr çoxalıb. Hətta bir qazinin cəriməsi həmin vaxtdan bu yana 67 min manata çatıb. Bu da onların şəxsi məsuliyyətsizliyi səbəbindən olub. Çünki onların mütləq əksəriyyəti gələn smslərə ya fikir verməyiblər, ya da anlamayıb. Təbii ki, bütün bunlar heç kimi məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərinin nömrəsini çıxarıb idarə edirlər. Bu isə qayda pozuntusudur. Qazi və veteranların bir hissəsi sürdükləri avtomobillərin cəriməsini ödəmədiyindən bu tip problemlər artmaqdadır. Xahiş edirlər ki, bu günə qədər olan cərimələrə amnistiya edilsin, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə, hər biri ödəniləcək “,- V.İskəndərov əlavə edib.