"Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Oktyabrın 7-də Qəbələdə keçirilən XII Zirvə Görüşü tarixi əhəmiyyətli hadisədir. Türk Dövlətləri Təşkilatı yeni bir güc mərkəzi kimi qlobal arenada öz mövqeyini və rolunu artırmaqdadır. Ölkəmiz təşkilatın güclənməsində, əhatə dairəsinin genişləndirilməsində və institusionallaşmasında müstəsna rola malikdir. Məhz bu səbəbdən, Qəbələ görüşü Azərbaycanın regiondakı nüfuzunun və cənab Prezident İlham Əliyevin liderlik missiyasının türk dünyasının gələcəyinə yön verən strateji təşəbbüslərinin təcəssümüdür".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin Zirvə toplantısında etdiyi çıxış dərin siyasi məzmunu və strateji hədəfləri ilə diqqət çəkdi:
"Dövlət rəhbərimizin nitqində müasir çağırışlar fonunda təşkilatın birləşdirici rolu və gələcək perspektivlər haqqında aydın fikirlər səsləndirdi. Regionl və qlobal müstəvidə artan hərbi təhdidləri önə çəkən ölkə başçısı Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın formalaşdırdığı müsbət dinamikanın təşkilat çərçivəsində əks olunmasını vurğuladı. O, Azərbaycanda 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu isə TDT-nın artıq hərbi blok kimi də formalaşmaqda olduğunun göstəricisidir. Zirvə Görüşündə Prezident İlham Əliyev ölkəmizin həyata keçirdiyi meqa layihələr, iqtisadi yüksəliş və regionda sabitlik yaradan siyasəti barədə ətraflı danışaraq qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.
2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.
Bununla yanaşı, avqustun 8 -də Vaşinqtonda əldə olunan razılaşmaların, xüsusilə, Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunan dövlət başçısı Avrasiya məkanında yeni əməkdaşlıq xəritəsinin formalaşmasını xüsusi olaraq qeyd etdi. Nəticə etibarilə, Qəbələ görüşü cənab Prezident İlham Əliyevin siyasi uzaqgörənliyinin, türk dünyasının birliyi ideyasına sadiqliyinin və Azərbaycanın beynəlxalq arenada yüksələn rolunun bariz təzahürü idi. Qədim Qəbələ şəhərində Türk Dövlətləri Başçılarının qəbul etdiyi qərarları gələcək nəsillərə türk həmrəyliyinin möhkəm təməli kimi xatırlayaqcaq".