“Qərb Ermənistanı terrorçuların, narkotrafikin cəmləşdiyi məkana çevirməyə hazırlaşır”

ABŞ Dövlət Katibi Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi zamanı 5 aprel üçtərəfli görüşün detalları bir daha aydınlaşdı. Məqsəd Ermənistanın tam şəkildə qərbin nəzarətinə keçməsinə nail olmaqdır. 30 il ərzində regionda Rusiyanın forpostu olan Ermənistan indi Fransa başda olmaqla, Qərbin hərbi platsdarmına çevrilir. Bu isə region ölkələri üçün ciddi təhdiddir. Sərhədlərində ABŞ və Aİ-nin hərbi bazasının qurulması İranı da narahat etməlidir. Eyni zamanda Gürcüstan da mövqe orta qoymalı və Azərbaycanla eyni mövqeni bölüşməlidir.

44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev Qərbin regionla bağlı bütün planlarını pozdu. Qərb və Ermənistanın havadarları ikinci Qarabağ savaşından sonra regionda yaranan yeni reallıq və status-kvo ilə barışmaq istəmir.

Cənubi Qafqazda yeni ayırıcı xətlər yaratmağa çalışırlar.Təbii ki, Rusiya Ermənistanda gedən proseslərlə heç vaxt barışmayacaq. Daha doğrusu, Ukraynada gözləmə mövqeyi tutan Moskva bu dəfə eyni səhvi təkrarlamaq istəmir. 
Ermənistan faktiki ikinci Ukrayna və ya Suriyanı xatırladır. Regionda hazırda ən zəif durumda olan ölkə Ermənistandır. Amma Qərb onun xilaskarı deyil. Çünki Qərbin bu vaxta qədər dəstəklədiyi bütün ölkələr xaos və böyük itkilərlə üzləşiblər. Ermənistan qərbə ümid etməklə çox böyük səhv edir.
ABŞ-da keçirilən seçkilərdə Tramp hakimiyyətə gəlsə, Cənubi Qafqaz Ağ Ev üçün arxa plana keçəcək. Fransanın da əli boşda qalacaq. Belə olan halda
Ermənistan Əfqanıstan və Suriya kimi terrorçuların, narkotrafikin cəmləşdiyi məkana çevriləcək. 

Azərbaycan heç bir halda Ermənistanın yenidən qalxmasına və regionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcək. Prezident İlham Əliyevlə Blinken arasında baş tutan telefon danışığı zamanı dövlət başçımız bir daha bəyan edib ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. 

Əslində ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng edərək mövqelərini izah etməyə çalışması Azərbaycan prezidentinin qlobal müstəvidə nüfuzunun göstəricisidir.