"Jurnalist Təşəbbüslərinin Təşviqi" İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyilə həyata keçirdiyi "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması" layihəsi çərçivəsində tədqiqatçı, kolleksiyaçı Dilqəm Əhmədin sərgisi keçirilib.
Sabahinfo.az xəbər verir ki, sərgidə çıxış edən İctimai Birliyin rəhbəri Ruslan Xəlilov öncə layihə barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində Qərbi Azərbaycana aid 15 araşdırma yazı, 6 internet televiziya verilişi hazırlanıb. Məqsəd Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını gündəmdə saxlamaq, tarixi torpaqlarımızdakı maddi və mənəvi irsimizi təbliğ etmək, tanıtmaqdır.
Daha sonra Dilqəm Əhməd Qərbi Azərbaycana aid topladığı arxiv materiallarını iştirakçılara təqdim etdi və hər bir sənəd haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, təqdim etdiyi materiallar arxiv sənədlərin orijinal nüsxələridir və onların bir çoxucu "ebay" platformasından əldə edib.
"Mən 1985-ci ildə İrəvanda doğulmuşam. 1988-ci ildə oranı tərk edəndə 3 yaşım vardı. Yalnız evimizin qapısı yadımda qalıb. Bunun da mistik anlamı odur ki, biz o qapını mütələq bir gün açıb evimizə daxil olacağıq", deyən D.Əhməd qeyd etdi ki, təqdim etdiyi materiallar İrəvanın, Qərbi Zəngəzurun qədim, tarixi Azərbaycan torpaqları olduğunu bir daha sübut edir: "Bütün tarixi sənədlərdə qeyd olunan ərazilər qədim türk yurdu kimi qeyd olunub. Təəssüflər olsun ki, ötən əsrin əvvəllərindən başlayaraq Ermənistan məqsədli şəkildə soydaşlarımızı yurd-yuvalarından didərgin salıb və bu gün də onların qayıdışına imkan vermir".
Sərginin sonunda iştirakçılar baxdıqları arxiv materialları ilə bağlı təəssüratını bölüşdülər və kolleksiyaçı onları düşündürən suallara ətraflı cavab verdi.