Qətiyyətli Lider, güclü ordu və ümumxalq birliyi tarixi Zəfəri qaçılmaz etdi - ŞƏRH

Tarixi yaddaşımıza əbədi həkk olunan 44 rəqəmi təkcə son 35 ildə deyil, iki əsri də aşan daha böyük zaman kəsiyində məruz qaldığımız ədalətsizliyə son qoydu. Bu möhtəşəm Qələbə sayəsində ərazi bütövlüyümüzü bərpa etməklə yanaşı, milli kimliyimizi və müstəqil Azərbaycanın suverenliyini qorumağa qadir olduğumuzu sübut etdik. Tarixi Zəfərimizi hələ də həzm edə bilməyən bədxahlarımız yalnız indi dərk etməyə başlayıblar ki, onların ən böyük səhvi Azərbaycan xalqının öz tarixi köklərinə və milli-mənəvi dəyərlərinə genetik kod səviyyəsində nə qədər bağlı olduğunu hesaba almadıqlarından qaynaqlanır. Bəziləri hələ də anlamır ki, Prezident İlham Əliyevin Ermənistana və havadarlarına göstərdiyi “Dəmir yumruq”da bütöv bir xalqın iradəsi və qələbə əzmi birləşib.

Bədxahlarımız həmin “Dəmir yumruğ”u dünya ictimaiyyətinə yalnız hərbi gücün nümayişi kimi təqdim etməyə çalışırlar. Bu gün də qəbul etmək istəmirlər ki, o Yumruq, ilk növbədə, ümumxalq birliyini, xalqın öz şəksiz Lideri ilə bir yerdə olduğunu təcəssüm etdirir. Bəzi dairələr hələ də fərqində deyillər ki, bu cür möhtəşəm birlik olmadan heç bir iqtisadi və hərbi güc tarixi Zəfərə təminat verə bilməz. Yalnız milli-mənəvi dəyərlərinə bağlı olan xalq öz övladlarını Vətən naminə şəhid verə və bununla qürur duya bilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev səsləndirib.

Deputat bildirib: “Bədxahlarımızın növbəti səhvi onunla bağlı oldu ki, onlar tarixdə şəxsiyyət, lider faktorunun əhəmiyyətini unutdular. Böyük dövlət adamı Uinston Çörçill vaxtilə belə demişdi: “Siyasət də müharibə kimi həyəcanlı və təhlükəlidir. Müharibədə bizi bir, siyasətdə isə dəfələrlə öldürə bilərlər”. Ermənistana himayədarlıq edən dairələr bu gün də anlamırlar ki, Azərbaycan Prezidenti ümumxalq maraqlarımızın qorunması yolunda ilk gündən hər cür fədakarlığa hazır olub və bu, indi də belədir. Heç bir qüvvə Prezident İlham Əliyevi bu yoldan döndərə bilməz! Beynəlxalq münasibətlərin aparıcı aktorlarından bəzilərinin açıq və ya gizli şəkildə mane olmaq cəhdlərinə baxmayaraq, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə bir daha sübut edildi ki, Azərbaycan xalqı və onun Lideri ilə təhdid və hədə tonunda danışıq üslubu heç bir nəticə verməyəcək. Cəmi birgünlük antiterror tədbiri isə ölkəmizin suverenliyinin tam şəkildə təmin olunmasına xidmət edən növbəti tarixi uğurumuzdur. Onların hər birinin arxasında Prezident İlham Əliyevin beynəlxalq hüquqa, tarixi ədalətə və dövlət maraqlarımıza söykənən qətiyyətli mövqeyi, qəhrəman Ordumuzun şücaəti, xalqımızın birliyi və öz Prezidentinə tərəddüdsüz inamı dayanır”.

Tarixi Zəfər yolunda qardaş Türkiyənin və dost ölkələrin Azərbaycana verdikləri mənəvi-siyasi dəstəyin xalqımızın yaddaşında əbədi yaşayacaq dəyərlərimizdən olduğunu vurğulayan Ü.Quliyev deyib ki, bu dəyərlərimizi qorumaq hər birimizin vicdan borcudur. Bununla yanaşı, dostlarımız da bizim qədər görürlər ki, Ermənistan sözdə sülhdən danışsa da, əməlində fərqli məqsədlərə xidmət edir, hər gün silahlanır və silahlandırılır. Guya ədalətli və qərəzsiz vasitəçilik edəcəyinə dünya ictimaiyyətini inandırmağa çalışan bəzi dairələr, əslində, Ermənistanı silahlandırmaqla Cənubi Qafqazı öz geosiyasi maraqları naminə növbəti toqquşma məkanına çevirməyə çalışırlar. Sülhə və dinc birgəyaşayışa çağırış edən hər hansı bir ölkə Ermənistanı məqsədli şəkildə silahlandırırsa, deməli, təhlükə sovuşmayıb. Bu təhlükədən Azərbaycanı yalnız həmin “Dəmir yumruq”, o “Yumruq”da təmərküzləşən birliyimiz və qardaş, dost ölkələrlə daha dərin strateji müttəfiqliyimiz qoruya bilər. Bir həqiqəti bilməliyik. Bilməliyik ki, Ermənistanın havadarları, yumşaq desək, Azərbaycanın tarixi Zəfərindən, ikiəsrlik anti-Azərbaycan siyasətlərinin iflasa uğramasından heç də məmnun deyillər. Ona görə də əldə etdiyimiz tarixi Zəfərin miqyasını və bu Qələbənin hansı dövlətlərin, hansı dairələrin maraqları ilə üst-üstə düşmədiyini dəqiq bilməli və onları unutmamalıyıq. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında söylədiyi bu tarixi gerçəkliyi isə gələcək nəsillərə çatdırmalıyıq: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

“8 Noyabr Zəfəri sübut etdi ki, yalnız güclü dövlət, qətiyyətli Lider, döyüşkən Ordu və ümumxalq birliyi bir arada olduqda tarixi Qələbələr əldə edilir. Son iki əsrin həqiqətləri də bunu təsdiq edir. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş ən böyük həqiqətlərdən biri ondan ibarətdir ki, güclü və müstəqil Azərbaycanın qurulması ilə bağlı şanlı tariximizin təməlində Ulu Öndər Heydər Əliyevin xilaskar imzası, Zəfər salnaməsinin altında isə Heydər Əliyev siyasətinin qətiyyətli davamçısı Prezident İlham Əliyevin müzəffər imzası dayanır. İlahi və tarixi ədalətin təcəllisi, həqiqətin təntənəsi də elə budur!”, - deyə deputat vurğulayıb.