QHT-lər media ilə işləmək bacarıqlarını necə artırmalı?

Son illər Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı, söz və fikir azadlığının hüdudlarının genişlənməsi, eləcə də, dünyaya inteqrasiya vətəndaş cəmiyyətinin üzərinə yeni vəzifələr qoyur. Cəmiyyətin inkişafında, müasir çağırışlara uyğunlaşmasında arbitr rolunu oynayan vətəndaş cəmiyyəti institutları qarşılıqlı əməkdaşlıq etmədən müsbət nəticə əldə edə bilməzlər. Qəzet, radio və televiziyanı özündə ehtiva edən ənənəvi media vasitələrinin elektron-internet resursları və sosial şəbəkələrdən ibarət "yeni media" və ya sosial mediaya keçid qeyd olunan transformasiyanın əsasını təşkil edir.

“Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyinin sədri, jurnalist Ceyhun Musaoğlunun sözlərinə görə, QHT-media əməkdaşlığı hər zaman aktual məsələlərdən olub: “Bu gün medianın əhatə dairəsi çox genişlənib. Vaxtı ilə QHT rəhbərləri piar işlərini həyata keçirmək üçün televiziya, radio və qəzetlərə üz tuturdular. Bu olduqca çətin idi. Bəzən bu media qurumları qapılarını QHT rəhbərlərinin üzünə açmırdılar, onların məlumatlarını vermirdilər. Bu halda QHT rəhbərlərinin alternativ həll yolları məhdud idi. Bu gün isə televiziya, readio və qəzetlərlə yanaşı, xəbər saytları, sosial media var. Biz rahatlıqla öz layihələrimizi, ideyalarımızı ictimaiyyətə çatdıra bilirik. Təbii ki, QHT sədri aktiv fəaliyyət göstərməlidir, ölkədəki ictimai-siyasi prosesləri yaxından izləməli, həm də bu proseslərin fəal iştirakçısı olmalıdır. QHT sədri dövlətin maraqlarını nəzərə alaraq cəmiyyətin yanında dayanmalıdır. Ən əsası həyata keçirdiyi layihə insanlar üçün maraqlı olmalı, aktual problemlərdən bəhs etməlidir. Belə olan halda mətbuat QHT-nin icra etdiyi layihəyə özü maraq göstərəcək”.

C.Musaoğluna görə, layihələrin piar işlərinin həyata keçirilməsində sosial medianın imkanları getdikcə artmaqdadır: “Rəhbərlik etdiyim təşkilat sosial medianın imkanlarından hər zaman bəhrələnir. Amma bu sahədə bir sıra problemlər var ki, onu qeyd etməliyəm. Bəllidir ki, bu gün əksər özəl sahibkarlıq subyektələrinin sosial media üzrə işçiləri vardır. İctimai əlaqələr və sosial media marketinq (SMM) xidmətləri şirkətlərin simasının müəyyənləşməsində, xidmət və məhsullarının ictimaiyyətə çatırılmasında mühüm rol oynayırlar. Etiraf edək ki, günümüzün və gələcəyin ən effektiv reklam modellərindən biridir SMM xidməti QHT-lərdə o qədər də inkişaf etməyib. Biz həyata keçirdiyimiz layihələrin aktuallığını lazımı qədər təbliğ edə bilmirik. Məsələn, nüfuzlu beynəlxalq təşkilatlar hansısa layihəni həyata keçirmək üçün öncə problemi öyrənir, onun aktuallığını təbliğ edir və sonra icra edirlər. Onlar həyata keçirdikləri layihələrə media nümayəndələri və sosial şəbəkə fəallarının diqqətini cəlb etmək üçün təlimlər keçirir, müsabiqə elan olunur və s. Bununla həm jurnalistslərin, blogerlərin, sosial media fəallarının layihəyə maraqları yaranır, həm də onu faəliyyət göstərdikləri sahədə təbliğ edirlər. Etiraf edək ki, bizim bu imkanlarımız bir qədər məhduddur. İldə bir dəfə, 3-4 ay müddətində həyata keçirdiyimiz layihələri geniş təbliğ etmək üçün böyük vəsaitə ehtiyac vardır. Əksər QHT-lərin ictiamiyyətlə əlaqələr şöbəsi, piar xidmətləri yoxdur. Bu bölmələri il boyu saxlamaq üçün QHT-yə xeyli vəsait lazım olur. QHT sədrinin və ya layihə rəhbərinin bütün bu işləri təkbaşına görməsi praktiki cəhətdən qeyri-mümkündür”.

“Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyinin sədri Ədil Ədilzadə hesab edir ki, QHT-media əməkdaşlığı daim aktual mövzulardan biri olub: “Bu gün QHT-lərim mediaya, təbliğata daha çox ehtiyacı var, nəinki medianın QHT-lərə. Biz bütün media qurmlarından diqqət gözləyə bilmərik. QHT könüllü birlikdir və biznes maraqları olmadan fəaliyyət göstərir. Media isə biznes qurumudur və MMC kimi fəaliyyət göstərirlər. Bu mənada medianın dərc edəcəkləri xəbərə görə QHT-dən ödəniş tələb etməsini anlayışla qəbul etmək lazımdır. Azərbaycanda QHT-lər bir çox hallarda şəxsi münasibətlərdən istifadə edərək, yaxud kiçik ödənişlər etməklə məlumatlarını mediada dərc etdirirlər. Bəzən, KİV orqanları məlumatın dərc edilməsi qarşılığında QHT-dən yüksək məbləğ tələb edirlər. Etiraf edək ki, QHT sədrinin keçirilmiş bir tədbir barədə 5-6 KİV-də məlumat yerləşdirməsi üçün kifayət qədər vəsaiti olmur. Problemi həll etməyin ən asan yollarından biri də gündəlik qəzet və ya xəbər saytlarında çalışan, aktiv fəaliyyət göstərən müxbirləri layihələrə cəlb etməkdir. Məlumadur ki, QHT layihələrində piar xidmətləri üçün vəsait nəzərdə tutulmuşdur. Peşəkar QHT-lər bu işi yuxarıda qeyd etdiyim keyfiyyətlətə məxsus jurnalistlərə həvalə edirlər. Həmin jurnalistlər həm press-relizləri peşəkar, oxunaqlı səviyyədə hazırlayır, həm də şəxsi əlaqələrindən istifadə edərək çoxlu sayda media qurumlarında dərc etdirirlər. Piar işini qeyri-peşəkar jurnalistlərə həvalə edənlər isə vaxt başında bunun acı nəticələri ilə üzləşməli olurlar”.

Ə.Ədilzadəyə görə, QHT-lərin veb saytları, Facebook, Twitter, Youtube kimi sosial şəbəkələrdə səhifələri olmalıdır: “Vaxtilə dəbdə olan e-mail yazışmaları bu gün artıq tarix olub. İndi facebook və votsap kimi şəbəkələr vasitəsilə daha tez əlaqələr qurmaq, xəbər paylaşmaq mümkündür. Bu gün bir çox fəal QHT-lərin öz maliyyə imkanları və ya donor təşkilatları hesabına yaratdıqları veb saytlar mövcuddur. Amma bu saytları bəzilərində QHT-nin fəaliyyəti ilə bağlı məlumatlar yenilənmir. Digər bir məsələ isə bəzi QHT saytlarının sosial şəbəkələrə inteqrasiya olunmamasıdır ki, belə saytlar uğursuzlua məhkumdur. Hər bir QHT-nin saytı sosial şəbəkələrə inteqrasiya olunmalıdır. Təssüflə qeyd edək ki, Azərbaycanının əksər fəal QHT-lər veb saytları olsa da, bu sayt da sosial şəbəkələrin xidmətlərindəi istifadə etmir”.

Ə.Ədilzadə onu da qeyd etdi ki, yalnız sədr və möhürdən ibarət olan QHT-lərin aktiv fəaliyyət göstərməsi praktiki olaraq mümkün deyil: “QHT-lərin maddi, inzibati resusrlarının güclənməsi üçün şərait yaradılmalıdır. Ofissiz fəaliyyət göstərən QHT-lər ofislərlə təmin edilməlidir. Bu mənada QHT evlərinin yaradılmasına ciddi ehtiyac vardır”

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəyə dəstəyi ilə həyata keçirdiyi “QHT - media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.