Qırmızı Xaç Komitəsinin Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb – Deputat

Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi yaratdıqdan sonra buradan qanunsuz keçidlərin qarşısı alınıb. Həmin keçiddən istifadə erməni əsilli vətəndaşlar heç bir maneə ilə üzləşmir. Əslində Azərbaycanın burada yaratdığı inzibatı qaydalar bilavasitə təhlükəsizliyin təminatına xidmət edir. Amma buna baxmayaraq bu yoldan hələ də qanunsuz daşımaların olduğu aşkarlanıb. Məhz bu konteksdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Təşkilatın nümayəndələri öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti göstərib.

Bunu atributinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi Laçın keçidindən BQXK-nin maşınlarına hümanitar daşımaların həyata keçirilməsi üçün imkan yaratmışdı: “Amma aşkarlanan son faktlar təəsüf doğurur. Bu onu deməyə əsas verir ki, BQXK-i indiyə kimi bu cür keçidlərdən çirkin məqsədlər üçün istifadə edib. Həmçinin heç kim zəmanət verə bilməz ki, uzun müddətdir davam edən qaçaqmalçılıq fəaliyyəti zamanı bu təşkilatın vasitəsilə Azərbaycan ərazisinə Ermənistandan silah-sursat da daşınmayıb. Digər tərəfdən, bu məhsullar Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə, rəsmiləşdirilmədən, gömrük rüsumu ödənilmədən gətirilir. Sözsüz ki, heç bir ölkə öz ərazisində belə qanunsuzluğun olmasına dözə bilməz”.

Deputat  hesab edir ki, ümumiyyətlə, BQX-nın Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti qeyri-legitimdir: “Bu nə beynəlxalq, nə də Azərbaycan qanunları ilə tənzimlənmir. Fakt odur ki, Azərbaycanın suveren ərazisində hansısa beynəlxalq təşkilatın başqa ölkədə yerləşən ofisi fəaliyyət göstərir. BQX-nin Bakı ofisi olduğu halda bu faktın mövcudluğu təəsüf doğurur. Eyni zamanda hazırda BQX-nın Qarabağda fəaliyyət göstərən nümayəndələri arasında Azərbaycana dost olmayan ölkələrin vətəndaşları var”.
Millət vəkilinə görə, II Qarabağ müharibəsi dövründə də BQX Azərbaycana qarşı pis mövqe tutmuşdu: “Bu təşkilatın nümayəndələri yalnız Ermənistanın maraqlarından çıxış edirdilər. Onların qaynar nöqtələrə daxil olaraq hərbi məlumatlar toplaması və düşmən tərəfə ötürmələrinə dair ciddi şübhələr mövcuddur. Bütün bunlarla yanaşı quruma Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı dəfələrlə xənərdarlıq olunub, aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb. Amma indiyə kimi bu istiqamətdə heç bir tədbir görülməyib. Sözsüz ki, Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil. Ona görə də, vəziyyətə uyğun olaraq lazımi addımlar atılacaq”.