Qubadlı şəhəri günü yaxın vaxtlarda daha coşqunluqla qeyd olunacaq

Nə qədər müdafiə olunsa da düşmənin Qubadlıya hücumunun qarşısını almaq mümkün olmurdu. Ermənistan silahlı qüvvələrinə qarşı bir rayonun özünümüdafiə taboru müqavimət göstərmə gücündə deyildi. Güc az idi, qətiyyət, cəsarət, təpər, vətəndaşlıq heysiyyəti, … yüksək. Döyüşlər gedən müddətdə əli silah tutan hər Qubadlılı bir döyüşçü idi. Qubadlıda da vətəndaşlıqla işğalçılıq döyüşürdü, Bakı Qubadlıya kömk eləmirdi. Həmin vaxtlarda Qubadlıda torpaq davası gedirdi, Bakıda vəzifə, kreslo davası. Bakı Qubadlının çağırışlarını eşitmirdi, yoxsa eşitmək istəmirdi?  düşmənin hücumları getdikcə güclənirdi. Havadarlarından həm siyasi, həm də hərbi yardım alan Ermənistan Qubadlı ilə həmsərhəd rayonlara da intensiv hücumlar etdiyinə görə qonşu rayonlar bir-birilərinə ciddi kömək edə bilmirdilər. Belə bir vəziyyət, mahiyyəti baxımından qüvvələrin bölünməsi idi və düşmən bundan məharətlə bəhrələnirdi. Hansı rayonda müdafiə zəifləyirdisə, hücumu o tərəfə yönəldirdi…

Cəbrayıl işğal olunduqdan sonra Qubadlıda vəziyyət daha da gərginləşmişdi. Düşmən Cəbrayıl istiqamətində döyüşmüş qüvvələrini də Qubadlıya yönəltmişdi…

Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. Düşmən rayonun bütün kəndlərini, Qubadlı şəhərini, rayonun onlarla tarixi abidəsini dağıtmışdı. İşğala qədər düşmənin hücumları nəticəsində yüzlərlə qubadlılı öldürülmüşdü…

Qubadlının işğalı on minlərlə qubadlılının didərginliyinə, köçkünlüyünə səbəb oldu. Qubadlılar respublikamızın müxtəlif rayonlarında, şəhərlərində məskunlaşdılar. Qaçqınlar nə vaxtsa Qubadlıya qayıdacaqları günü gözləyirdilər. Onlar da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmrini gözləyirdilər. Onlar da döyüşə-döyüşə tərk etdikləri Qubadlını döyüşə-döyüşə almaq istəyirdilər…

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını almış ordu hissələrimizə əks-hücum əmri verdi. İkinci Qarabağ müharibəsi başladı. Ordumuz döyüşə-döyüşə düşmənin müdafiə sədlərini darmadağın etdi. Ilkin mövqe qələbələri qazandı. Bu qələbələr Ordumuzu tam qələbəyə yaxınlaşdırırdı. Ordumuz bütün istiqamətlərdə rəşadətlə döyüşürdü. Düşmənin bu istiqamətdə də komanda məntəqələri, dayaq məntəqələri, mühüm mövqeləri, döyüş texnikaları, canlı qüvvəsi məhv edilirdi. Müdafiə oluna bilməyən düşmən çarəsiz döyüşlərlə geri çəkilirdi. Bu geriçəkilmə məğlubiyyət idi. Ordumuz oktyabrın 25-də Qubadlını işğaldan azad etdi. Xalq bu qələbəni böyük coşqu ilə yaşadı, inandı ki, Şuşanın da işğaldan azad edilməsinə az qalıb, sonra Böyük Qələbə qazanılacaq…

Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Azərbaycan Ordusunun qalibiyyətinin, Ermənistan ordusunun məğlubiyyətinin təsdiqi oldu…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” . Bu kəlam xalqın Böyük Qələbəyə inamını daha da kükrətdi. Xalq əmin oldu ki, yaxın günlərdə Azərbaycanda Ermənistanın silahlı qüvvələri qalmayacaq.

Qubadlının işğaldan azad edilməsi həm hərbi qələbə idi, həm də ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığıını yüksəldən, döyüş əzmini, qələbə ruhunu artıran amil oldu...

Üçtərəfli Bəyanatdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Bu işlər mahiyyəti etibarilə tarixi Zəfərin başqa formada davamı idi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il dekabrın 23-də Qubadlıda Azərbaycan bayrağını ucaltdı.

Quruculuq işləri Qubadlıda da sürətlə aparılmaqdadır. Məhz bunun nəticəsidir ki, dövlət başçımızın Qubadlıya səfərləri quruculuq işlərinin coğrafiyasının genişlənməsini də sürətləndirir, gedişini də.

2021-ci il oktyabrın 25-də - Qubadlının işğaldan azad edilməsinin birinci ildönümündə Xanlıq-Qubadlı yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı oldu. Həmin gün cənab Prezidentimiz Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü...

Qubadlıda quruculuq işləri fasiləsiz aparılırdı. Cənab Prezidentimiz Qubadlıya növbəti səfərində “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etdi. Bunlar həm də Böyük Qayıdışa böyük hazırlıq kimi tarixləşdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qubadlıya builki səfəri də rayonda quruculuq işlərinin dinamikasını artıracaq. May ayının 4-də bu səfər zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirildi...

Qubadlı da yenidən qurulur. Qubadlıda da həyat əvvəlki axarına düşəcək, qubadlılar Qubadlını daha dərin məhəbbətlə sevəcəklər...

Dövlət başçısının müvafiq sərəncamı ilə 25 oktyabr Qubadlı şəhəri günü kimi qeyd olunur. Bu gün hamımız üçün gözəl gündür. Hamımız bu gözəl günün gözəlliyini qubadlılar Qubadlıya qayıdandan sonra daha coşqunluqla qeyd edəcəyik...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı