Qüdrət Həsənquliyev: “Ermənilər yenə də öhdəliklərindən qaçacaqlar”

“Heç kimə bəhanə vermirik ki, Azərbaycanı ittiham etsin”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev SABAHİNFO.AZ saytına geniş müsahibə verib. Deputat Brüssel görüşü və gündəmdə olan sualları cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy. Cənab Prezident Brüsselə səfər etdi və mühüm görüş keçirdi. Artıq bu üçüncü Brüssel görüşüdür. Bu üç görüşün fonunda Azərbaycanın əldə etdiyi uğurlar barəsində sizin fikirləriniz nədən ibarətdir. Bu görüşlər Azərbaycana və ümumilikdə bölgəyə nə kimi töhvələr verəcək?

-Hər zaman söyləmişəm ki, Ermənistan baş tutmamış fortpost ölkədir. Ona görə də bu ölkənin müstəqil qərar qəbul etmək imkanları yoxdur. Əlbəttə, Ermənistanın rəhbərləri hansısa razılıqlar əldə olunması istiqamətində addımlar ata bilərlər. Amma sonda onlar öhdəlikləri yerinə yetirmirlər. Mayın 22-də Brüsseldə keçirilən görüşdə heç bir yazılı sənəd imzalamadılar. Yəni orda əgər müəyyən razılaşmalar əldə olunmuşdusa ən azından o razılaşmaları özündə əks etdirən, təsbit edən bir sənəd imzalana, Ermənistan öz üzərinə yazılı bir öhdəlik götürə bilərdi. Amma bu da baş vermədi. Biz görürük ki, Brüsseldə heç vaxt belə bir yazılı formada beynəlxalq öhdəliklər nəzərdə tutan hər hansı bir beynəlxalq müqavilə, sənəd imzalanmır. Rusiyada iki dəfə belə bir sənəd imzalanıb. Əlbəttə, Ermənistana şans baxımından belə səfərlər əhəmiyyətlidir. İkincisi, bu səfərlər həm də o baxımdan əhəmiyyətlidir ki, yəni biz bununla heç kimə bəhanə vermirik ki, Azərbaycanı ittiham etsin ki, Azərbaycan sülh yolu ilə bu münaqişənin tənzimlənməsində maraqlı deyil. Yəni biz göstəririk ki, doğrudan da, bax biz beynəlxalq hüquq normaları əsasında sülh istəyirik. Amma Ermənistanın belə bir imkanı yoxdur ki, Rusiyadan icazəsiz, belə deyək, xeyir-duası olmadan təkcə bizimlə yox, həm də Türkiyə ilə hansısa sənəd imzalasınlar. Elə o baxımdan Azərbaycan Rusiya ilə intensiv şəkildə işləməlidir və biz çalışmalıyıq ki, Rusiya sülhdə maraqlı olsun. Rusiya Ermənistana söyləsin ki, Azərbaycanın beynəlxalq hüquqla təsbit olmuş hüquqları tanınsın. Yəni ərazi bütövlüyü tanınsın, Dağlıq Qarabağ üzərində suverenliyi tanınsın və s. Yəni ona görə də ciddi nəticələr gözləmirəm və hesab edirəm ki, ermənilər yenə də öhdəliklərindən qaçacaqlar.

-Cənab Prezident bu üç görüşün fonunda son açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı mühüm irəliləyiş əldə olunduğunu açıqladı. Yəni indiki məqamda belə bir rəsmi sənəd ortada olmadığı təqdirdə, sizin dediyiniz kimi dəhlizin açılmağı mümkündürmü?

-Elə mən ona görə də deyirəm ki, xeyr. Əlbəttə, orda şifahi razılıq əldə olunub və bu şifahi razılaşmanı da Şarl Mişel beynəlxalq ictimaiyyətə açıqlayıb. Sonra da həm Azərbaycan Respublikasının Prezidenti, həm Ermənistanın baş naziri belə bir razılaşmanın olmasını təsdiqləyiblər. Amma söylədiyim kimi ortada bir sənəd yoxdur. Düzdür indi komissiyalar yaradılıb. Baş nazir müavinlərinin artıq ilk görüşü də sərhəd bölgəsində keçirilib. Yenə də söyləyirəm, yəni mən o halda bunu müsbət nəticə verəcəyinə ümid edirəm ki, yəni Rusiya, doğrudan da bunu istəsin. Buna görə düşünürəm ki, Rusiya bu prosesdə yaxından iştirak etməlidir. Əks halda Ermənistanda yeni çevrilişlərin, 1999-cu ildə olduğu kimi parlamentdəki terror aktlarının olmasını istisna etmirəm və bu baxımdan Rusiya ilə həm bizim həm də Türkiyənin birgə çalışmağına ciddi ehtiyac var.

-Rusiyanın da başı qarışıb Ukrayna müharibəsinə. Yəni bu müharibə fonunda bəlkə belə deyək, bu proses bir qədər kölgədə, geridə qalıb. Ona görə Rusiya nəsə mütərəqqi addım atmır. Bu yanaşma nə dərəcə doğrudur?

-Əslində mən sizə deyim ki, Rusiyanın hazırda beynəlxalq imicini yaxşılaşdırmaq istiqamətində addımlara ehtiyac var. Rusiya həmişə beynəlxalq birlik tərəfindən öz qonşularında etnik separatizmi dəstəkləməklə problemlər yaradan bir ölkə kimi tanınıb. Rusiya bəzi dövlətlərin ərazi bütövlüyünü şübhə altına alır. O dövlətlərin suverenliyini öz ərazilərində həyata keçirməsinə mane olur. Yəni indiyə qədər Rusiya yalnız problem yaradan bir ölkə kimi tanınıb. Amma bu gün, bu problemlərdən hansısa birinin həllinə töhvə verməklə Rusiya özünün imicini dəyişə bilər. Həm də Rusiya digər keçmiş sovet respublikalarına müsbət mesajlar ötürə bilər ki, Kreml ilə yaxın olmaqla, dostluq siyasəti aparmaqla problemləri çözmək olar. Sizi tam əmin edirəm ki, Qarabağ üzərində Azərbaycanın suverən hüquqların bərpa olunması bizdən çox Rusiyaya fayda vermiş olar. Rusiya bu günkü günə qədər daha çox qonşularla münasibətdə onlara yumşaq güc yox, qaba güc yolu ilə təsir etmək, onların siyasətinin müəyyənləşməsində rol oynamaq istəyir, amma bu özünü doğrultmur. Rusiya istəyirsə ki, doğrudan da Ukrayna, Moldova, Gürcüstan, Azərbaycanla münasibətləri yaxşılaşdırsın, o zaman bu addımı atmalıdır. Yəni Rusiyada çoxlu xalqların nümayəndələri yaşayır. Rusiya dediyim kimi bu siyasətini dəyişsə bununla da prosesdə qalib olacaq və dost ölkələrlə əhatə olunacaq. Ona görə də biz çalışmalıyıq ki, Rusiyanı inandıraq ki, o bu problemin həllinə yardım etsə faydasını görəcək. Həm bu onun beynəlxalq imicini artacaq.

-Bu zamana kimi Rusiyadan belə bir addım atıldığını görməmişik və sizə deyim ki, heç gözlənilmir də... Belə bir addımı atmaq Rusiyanın özünə nə dərəcədə lazımdı? Eyni zamanda Azərbaycanın balanslaşdırılmış siyasətində Rusiyanın yeri hansı səviyyədədir?

-Rusiyaya belə bir addım atmaq lazımdır. Ən azından ona görə lazımdı ki, Azərbaycanı bu regionda Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Türkiyəni də Azərbaycansız. Söhbət Azərbaycandan gedirsə, Rusiya həm də Türkiyəni nəzərə alınmalıdır. Və bu iki dövlətlə yaxşı münasibətlərin olması onlara hava-su kimi lazımdır. Xüsusilə də indiki dönəmdə. Beynəlxalq birliyin Rusiyaya ağır sanksiyalar tətbiq elədiyi bir dövrdə. Ona görə mən düşünürəm ki, Rusiya bu addımı ata bilər. Əgər orada sağlam düşüncə qalib gəlsə, ermənipərəst dairələrin, zora meyilli qüvvələrin mövqeləri zəifləsə, Rusiya Azərbaycan və Türkiyə ilə həqiqi dostluq münasibətlərini qura bilər. 44 günlük savaşa qədər mən həmişə söyləyirdim ki, biz problemi Rusiya ilə həll etməliyik. Onda da söyləyirdim ki, Rusiyanı heç cür razı sala bilməsək belə Azərbaycan öz torpaqlarını azad eləməlidir. İndi də çalışmalıyıq ki, Rusiya ilə danışaq və bu problemi müharibəsiz həll edək. Yox, bunun başqa yolu olmayanda, mən söyləmişəm ki, son variantda Daxili Qoşunlar Xankəndinə girməlidir və Azərbaycanın suveren hüquqları Xankəndi üzərində bərpa olunmalıdır. Kimsə də Azərbaycanın yuristiksiyasında olmaq istəmirsə çıxıb getməlidir. Ya Ermənistana, ya başqa ölkələrə, yəni özləri bilərlər. Kim bizim qanunları tanıyacaqsa Azərbaycanın ərazisində yaşayacaq və Azərbaycan dövlətinin qanunlarıyla da onların təhlükəsizliyinə tam təminat veriləcək. Azərbaycanın digər bölgələri kimi onların da yerli özünü idarə etmə hüququ olacaq.

- Ukraynada müharibə Putin istədiyi kimi getmir və münaqişə uzanır. Belə olan halda istər ölkə daxilində, istər beynəlxalq arenada Putinin imici də müəyyən qədər zədələnmiş olur. Və bu zədələnmiş imicin fonunda Rusiyada siyasi hakimiyyətdə dəyişkənlik gözlənilirmi?

-İndiki durumda, sözün doğrusu, mən heç nə gözləmirəm. Əlbəttə, bilirsiz bəzən insanın ağlına gəlməyən, başına gəlir. Həyatda bəzən proqnazlaşdırıla bilməyən elə proseslər baş verir ki, yəni insanlar, doğrudan da, bunu öncədən görə bilmirlər. Hazırkı siyasi vəziyyəti təhlil eliyərəm, mən belə nəticəyə gəlirəm ki, orda hər hansı bir hakimiyyət dəyişikliyi gözlənilmir. Yəni belə bir hakimiyyət dəyişikliyini edə biləcək siyasi güc də yoxdu. Nə ordunun daxilində, nə xüsusi xidmət orqanlarının tərkibində. Hazırki reallıq bundan ibarətdir. Buna görə də bəlkə belə olması daha yaxşıdır. Ona görə ki, bizim Prezidentin Putinlə normal şəxsi, işgüzar münasibətləri var. Mən bilirəm ki, Putinlə bir çox məsələləri danışıb, anlaşa bilərik. Ola da bilər ki, hakimiyyət dəyişəndən sonra ora elə bir ermənipərəst qüvvə və yaxud elə qərbyönümlü insan gələr ki, açıq söyləyirəm, bizim üçün daha çətin olar. O baxımdan mən hələlik düşünürəm ki, Putinlə işləməyimizə ehtiyac var. Çalışmalıyıq ki, Rusiya ilə münasibətləri inkişaf etdirək və daha yüksək səviyyəyə qaldıraq. Və Rusiyanı inandıraq ki, bu münaqişənin həlli həm də onun maraqlarına uyğundu.

-Biz Rusiya məsələsi üzərində dayanırıq, ancaq bir sıra siyasi ekspertlər Zəngəzur dəhlizinin reallaşmamasında İran faktorunu da önə çəkir. İranın Ermənistana müəyyən təzyiq və təsir göstərdiklərini açıqlayırlar. Sizin bu yöndə fikirləriniz maraqlı olardı. Yəni İranın Ermənistana olan təsiri hansı səviyyədədir?

-İranın Ermənistana təsiri həmişə böyük olub. Onlar Ermənistanı İranla birləşdirən həmin o Zəngəzur bölgəsini həmişə, belə deyək, "həyat yolu" adlandırıblar. Yəni 40-45 kilometrlik məsafəni onlar “Həyat yolu” adlandırıblar. Və I Qarabağ savaşından sonra da həmişə belə mövqedən çıxış ediblər. II Qarabağ savaşında da İranın düzdü bəzən bizi hədələyən açıqlamaları da oldu, amma ümumən həm İranla müəyyən işin düzgün qurulması, həm Rusiyanın öz neytrallığını saxlaması, Türkiyənin aktiv formada Azərbaycanı bütün vasitələrlə kənar müdaxilə olacağı təqdirdə müdafiə edəcəyini bəyan etməsi İranı daha təmkinli davranmağa sövq etdi. Zaman-zaman İranın bəzi rəsmilərinin açıqlamalarını görürük və çox təəssüf edirik, onlar çox təxribatçı açıqlamalar verirlər. Və bu açıqlamalar da bu münaqişənin uzanmasına xidmət edən, həll olunmamasına gətirin çıxaran açıqlamalardır. Onlar bu münaqişənin həllində maraqlı deyillər, istəyirlər Azərbaycanın başı Qarabağ məsələsinə qarışsın. Amma yenə söyləyirəm Azərbaycanın da ciddi müttəfiqləri var. Türkiyə var, İsrail var, Pakistan. Rusiyayla hazırda münasibətlər o səviyyədədir ki, Rusiya 44 günlük savaşa müdaxilə eləmədi. Buna görə də İranda da bir çoxları başa düşürlər ki, Azərbaycanla münasibətləri tam korlamaq olmaz. Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyət daşıyan bir ölkədir. Və yeri gələndə İranla digər Qərb ölkələri arasında ticari əlaqələrinin qurulmasında nəqliyyat qovşağı kimi əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan daha qətiyyətli davranacağı təqdirdə İranın burda hansısa təxribatlara gedəcəyini mən düşünmürəm və İranın Ermənistana açıq formada dəstək verməsi də qeyri-mümkündür. Ona görə ki, Ermənistan haqsızdı. İranın açıq formada Ermənistanı dəstəkləməsi, biz gördük ki, 44 günlük savaşın ilk günlərində Cənubi Azərbaycanda hansı reaksiyalar doğurdu. İran rəsmiləri gördülər ki, onların Ermənistana dəstək siyasətini öz xalqı qəbul etmir. İranın onsuz da korlanmış beynəlxalq imici daha da korlana bilərdi. İranın Azərbaycanla sərhədə 50 minlik qoşun yeritdi. Araz çayının kənarında hərbi təlimlər keçirdilər. Gördülər ki, bunlar mənasız şeylərdi. Azərbaycanı bunla qorxutmaq mümkün deyil. Ona görə də İran daha düzgün mövqe tutmalıdır, amma çox təəssüf ki, biz İrandan da belə açıq çağırışlar görmürük ki, Ermənistana ki, sən Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, suverenliyini tanımalısan və s. Axı İran həm də Azərbaycan türklərinin dövlətidi.

- Sizcə sərhədlərin delimitasiyasıyla bağlı o işçi qrupu mütləq bir nəticəyə vara biləcək?

- Növbəti görüş Moskvada Rusiyanın iştirakı ilə olacaq. Rusiya Brüsselin fəallığını qısqanmasa, nəticə əldə etmək olar. Rusiya Ermənistana desə ki, bəli, doğrudan da başqa yolu yoxdur, sən bu dövlətin suverenliyini tanımalısan. O halda Rusiya misal üçün deyirəm, Ermənistandakı müxalifətə desə ki, sakitləşin, oturun yerinizdə, bu baş verəcək. Biz bunu hamımız bilirik. Ona görə də mən sizə deyirəm ki, Rusiyanı çalışmaq lazımdır ki, bu sülhün vacibliyinə inandıraq. Rusiyanın maraqlarına uyğun olduğuna inandıraq.

- Ermənistan daxilində təşkil olunan mitinqlər Paşinyanı öz yolundan döndərə biləcəkmi?

-Mən sizə deyim ki, hökumət o mitinqləri dərhal dağıda bilərdi və Qərb də onu alqışlayacaqdı. Paşinyanın da müəyyən mənada maraqları primitivdi. Qərbdə də müəyyən dairələr bu münaqişənin həllində maraqlı görsənmirlər. Bizdə bəzi qərbyönümlü adamlar elə kampaniya aparırlar ki, sanki münaqişənin həllini istəməyən əsas Rusiyadır. Mən sizə deyim ki, məsələn, erməni diasporu da Paşinyanın o sülh sazişini imzalamasına qarşıdır. Biz gördük ki, onu orada necə qarşıladılar. Paşinyana xəyanətkar deyirlər və s. Erməni diasporu da bunun əleyhinədi, Erməni diasporunun ciddi təsir edə bildiyi ölkələr burada sülhün əldə olunmasına qarşıdırlar. Heç kim hələ indiyə qədər Ermənistana demir ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır, bunun alternativi yoxdur. Bu sözü nə Fransa, nə ABŞ, nə Almanya, nə İtalya, nə Britanya demir. Bunlar nə deyirlər? Bunlar ikibaşlı, riyakar bir fikir işlədirlər ki, biz sizin ərazi bütövlüyünüzü tanıyırıq, amma gedin Dağlıq Qarabağın status məsələsini danışın. Əvvəlki mövqeləri ilə oxşar bir mövqe ortaya qoyublar. Onlar Ermənistana ümid verməsələr, əlbəttə, vəziyyət dəyişə bilər. Amma biz görürük ki, onlar Ermənistana ümid verməklə bu sülh sazişinin imzalanmasını xeyli dərəcədə çətinləşdirirlər. Bunla da bilirsiz nəyə nail olmaq istəyirlər? Görürlər ki, biz Türkiyəylə bir yerdəyik. Bəzi ölkələr Türkiyəyə görə bizim üzərimizə gəlirlər. Onlar bilirlər ki, türk dünyasının aparıcı, lider dövləti Türkiyədir. Yəni Türkiyə özü ilə sərhəddə, qardaş dediyi bir xalqın işğal altındakı torpaqlarının azad olunmasına nail ola bilmirsə, o hansısa bir regional güc iddiasında ola bilməz. Belə mövqe türk xalqları ilə Türkiyə arasında yaxınlaşmasına da problem yaradır. Tutaq ki, bunun özbəyi də, qazağı da, türkməni də görür ki, əgər bu özünün torpaq sərhəddi olan Azərbaycanın bu problemini həll edə bilmirsə deməli digər dövlətlər istər-istəməz bir az məsafə saxlayacaqlar, bir az ehtiyatlı davranacaqlar. Qərb də Rusiyanın, Türkiyənin nüfuzunun artmasında maraqlı deyil. Bax ona görə də, həm də bu münaqişəni həll etməyə qoymurlar. Bəziləri fikirləşirlər ki, görəsən niyə qoymurlar axı, Azərbaycan o qədər də böyük dövlət deyil? Axı Qərb həmişə ərazi bütövlüyü prinsipi ilə çıxış edir. Amma tutaq ki, Moldovada, Gürcüstanda, Ukraynada başqa, bizdə başqa mövqe ortaya qoyur. Bunun səbəblərindən biri də söylədiyim kimi, həm də Türkiyədir. Türkiyədəki bizim qardaşlarımız da nəzərə almalıdırlar ki, bizə olan münasibət həm də onlara olan münasibətdən qaynaqlanır və ona görə mən hər zaman Türkiyəni dəvət edirəm ki, Türkiyə bu problemin həllinə, həm də öz problemi kimi yanaşmalıdır. Türkiyə Amerika ilə danışanda təkcə özünün problemlərini ortaya qoymamalıdır ki, niyə mənə sanksiya tətbiq edirsən, niyə məni F35-dən uzaqlaşdırmısan? Eyni zamanda Qarabağ məsələsini də ortaya qoymalıdır. Türkiyə Azərbaycanla bağlı ABŞ-la açıq danışmalıdır.

Ədil Ədilzadə