Qüdrət işığı heç zaman sönmür

Dünyada siyasi hadisələr dünyəvi münasibətlərə istiqamətləndirilməsə, qarşılıqlı çoxtərəfli inam, etimad, ehtiram formalaşmasa gərgin siyasi qarşıdurmalar da yarana və davam etdirilə bilər. Bu baxımdan bəşəri ideyalara əsaslanan beynəlxalq təşkilatlar da fəaliyyətini məhz bu ülgü əsasında qurur. Belə təşkilatlardan biri də Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilat yarandığı vaxtdan dünyəvi siyasətə təsir göstərməyə, münaqişələrin, müharibələrin dayandırılması üçün ideoloji söz nümayiş etdirməyə çalışır və dünyanı da bu bəşəri fəaliyyətə səsləyir.

Qəbələdə 7 oktyabr 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak və çıxış etdi. Siyasi nitq kimi dinlənilən bu çıxışın tezisləri təkcə bu Təşkilata daxil olan dövlətlərin deyil, sülhə meyilli dövlətlərin də xarici siyasətinin dünyəviliyə cavab verəcəyinə inam kimi tarixləşdi.

Azərbaycanın təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürdüyünü, bu təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizliyin əsas məqsəd və vəzifələr sırasında olduğunu, təhlükəsizlik təmin edilmədən inkişafın mümkünsüzlüyünü, dünyada hərbi gücün hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amili olduğunu xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında son beş ilin ən böyük və ən qürurlu siyasi hadisəsi haqqında dedi: “2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkə-mizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.

Ermənistan Azərbaycanın ədalətli müahribəsində məğlub olsa da üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmir. Sülh danışıqlarından yayınmağa çalışırdı. Belə bir şəraitdə dünyanın nəhəng dövlətlərindən biri olan ABŞ bu vəziyyəti regionda sonrakı siyasi hadisələr üçün təhlükəli hesab etdi və üçtərəfli görüşün təşkilinə qərar verdi. Görüş baş tutdu.

İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı”...

Azərbaycnla Ermənistan arasında ən başlıca danışıq mövzularından biri də Zəngəzur dəhlizidir. Bu dəhliz təkcə Ermənistanın deyil, Ermənistanın siyasi və hərbi havadarlarının da mara-ğındadır. Onlar bu dəhlizin açılmasının qəti əleyhdarlarıdırlar.

“Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib”.

Türk Dövlətləri Təşkilatı mənəvi birlik təşkilatıdır, ruhun təşkilatıdır, min illərin tarixinin neçə min illərə çatacaq dəyərlər sistemidir. Bu təşkilata daxil olan dövlətlərin mənəvi birliyidir, onları ortaq tarixi və etnik köklər, dillər bir ailə kimi birləşdirir. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında həm də dedi ki, “Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyət ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm. Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqları¬mı¬zın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir”.

Dövlət başçımız bu fikirlərini Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək kimi Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb, Cəbrayılda məktəb (Macarıstan tikir), Füzulidə məscid (Türkmənistan tikir) tikildiyini də xatırlatmaqla, bu birliyin müqəddəs birlik olduğunu diqqətə çatdırdı. Onu da bildirdi ki, Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəklərini heç vaxt unutmayacaq...

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü dövlətçilik tarix-lə¬rinin, mədəniyyətlərin, ortaq ruhların görüşü kimi tarixləşdi. Bu tarixin qüdrət işığı əbədiyyən sönməyəcək...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

.