Rasim Məmmədovun bacanağı özünü asdı

“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov hətta yaxın qohumunu çirkin məqsədlərinin qurbanına çevirib.

Sabahinfo.az xəbər verir ki, bu barədə keçmiş deputat Nazim Bəydəmirli bildirib.

“Xaricdən bir dostum yazmışdı ki, bəs bilirsənmi "Baku Steel Company" MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun bacanağı intihar edib? Əlavə də etdi ki, Rasim onu öz yanına işə götürübmüş. Bu da dürüst insan olduğuna görə Rasimin müavini Çingizlə mübahisə edib ki, sizin gördüyünüz iş biznes deyil, quldurluqdur, haramdır və s. Bu söhbət böyüyüb, nəticədə bacanağı Rasimlə dalaşıb və işdən çıxıb. "Bərk gedən bacanaq" da təsir edib baldızını boşadıb”, - deyə keçmiş deputat bildirib.

Onun sözlərinə görə, Rasim Məmmədovun Elşən Rəhimov adlı keçmiş bacanağı ailəsi dağılandan sonra xaricə gedərək orada kargo şirkəti qurub. “Rasim tutulandan sonra gəlib Bakıya ki, ailəsi ilə barışıq etsin, nə isə bunu eşidən hüquq-mühafizə orqanları adamı həbs ediblər, anası tanış deputat vasitəsi ilə həmin həbs edənlərlə təmas quraraq deyib ki, adamın Rasim Məmmədovla heç bir əlaqəsi yoxdur, adama bəlkə də işgəncə də veriblər. Nə isə boşanma sənədləri və şahidlərdən sonra açıb buraxıblar”, - Nazim Bəydəmirli qeyd edib.

Keçmiş deputat deyib ki, sonradan Elşən Rəhimovun biznesinə Azərbaycandakı yüksək vəzifəli şəxslərdən biri göz dikib. Həmin məmur Rasim Məmmədovun keçmiş bacanağına şirkəti onun adamlarına təhvil verməsini tapşırıb: “Elşən Rəhimov bütün bunlardan sonra Ramazan bayramı günü sonuncu dəfə keçmiş həyat yoldaşının yanına gedib, barışmağı və Azərbaycandan getməyi təklif edib, söhbət alınmayıb və o anasının evinə gedrərək özünü asıb”.

Rasim Məmmədovun həbsi barədə yanvarın 28-də məlumat yayılıb. Fevralın 1-də isə məlumat təsdiqlənib. Bəlli olub ki, “Baku Steel Company” MMC-nin keçmiş sahibinə Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Rasim Məmmədov Ramiz Mehdiyevin yaxınlarının şikayəti əsasında həbs edilsə də, uzun illər AMEA prezidentinin yaxın adamı kimi tanınıb.



Hit.az