Region üçün mühüm əməkdaşlıq

Siyasi-diplomatik münasibətlərin inkişafında öz yanaşma tərzini ortaya qoyan Azərbaycan artıq bu siyasi xətt üzrə bir sıra mühüm irəliləyişlər və nəaliyyətlər əldə edibdir. Xüsusən 44 günlük Vətən müharibəsindən sonra istər qarşılıqlı razılaşmalar, strarteji tərəfdaşlıqla bağlı imzalanan müqavilələr buna əyani sübutdur. Türkmənistan, Azərbaycan və Özbəkistan dövlət başçılarının sammitinə nəzər salanda bu sammitdə verilən bəyanatlar, səslənən fikirlər onu deməyə əsas verir ki, bu platforma region üçün yeni strateji xətt müəyyən edir. Bütün bunlar regional sabitliklə yanaşı etibarlı əməkdaşlıq vəd edir. Bu təşəbbüs region üçün nə vəd edir sualına cavab olaraq bildirmək olar ki, enerji, nəqliyyat-logistika, ticarət və humanitar sahələrdə mövcud imkanlarının səmərəli istifadəsi, eləcə də strateji tərəfdaşlığın dərinləşdirilməsi əsas prioritetdir.

Prezident İlham Əliyev bəyanatda deyib: “Bu, mənim Avaza şəhərinə ikinci səfərimdir və burada gedən inkişaf əyani şəkildə onu göstərir ki, ölkə etibarlı əllərdədir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində həm Avaza, həm də bütün digər şəhər və kəndlər inkişaf edir, abadlaşır, yeni şəhərlər salınır. Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, görüş çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyır: “ Danışıqlar çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərini, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələsini, - xüsusən siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə, - müzakirə etdik. Bu gün Türkmənistan, Azərbaycan və Özbəkistan açıq dialoq aparır, əməkdaşlıq edir və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyir. Dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılır. İqtisadi ölkələrimizin əməkdaşlıq baxımından potensialını nəzərdən keçirdik ki, bu da təkcə bizim deyil, bütün Avrasiya regionunun inkişafına töhfə verir. Bu qarşılıqlı fəaliyyət bizə bütün regionumuz daxilində geoiqtisadi əməkdaşlığı gücləndirməyə imkan verəcək. Bunu təsdiqləyən çoxlu misallar var. Elektrik enerjisi sahəsində əməkdaşlığı qeyd etmək kifayətdir, burada bizim faydalı əlaqələrimiz var”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında önəmli fikirlər səsləndirib. O hesab edib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək: “Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanması igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür”.

Onun da qeyd edək ki, Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki “Dostluq” neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir. Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. 2007-ci ildə yaradılmış Hökumətlərarası birgə Komissiya bu sahədə əməkdaşlığın strukturlaşdırılmasına imkan yaradıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Cari ilin ilk beş ayında xarici ticarət dövriyyəsi 118,5 milyon dollar olub. Geosiyasi qeyri-sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərb arasında birləşdirici amilə çevrilir. Bu baxımdan Xəzər dənizi də xüsusi məna daşıyır. Son dövrlərdə Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9 dəfə artaraq 2362 TEU-ya çatıb.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı