Regionlarda həssas qruplara psixo-sosial dəstək xaraketrli Kitabla Terapiya görüşləri uğurla başa çatdı

“Addım Gənclərin İnkişaf Mərkəzi” İctimai Birliyi “Həssas qruplara Kitabla Terapiyanın (biblioterapiya) tətbiqi ” layihəsini uğurla yekunlaşdırıb.

Layihə çərçivəsində 3 regionda (Quba, Gəncə və Sumqayıt) həyata keçirilən tədbirlər iki əsas kateqoriyaya yönəlmişdir:

  • Həssas qruplarla işləyən mütəxəssislər üçün maarifləndirici təqdimatlar
  • Gənclərlə qrupşəkilli Kitabla Terapiya sessiyaları

Ümumilikdə layihədə 130 nəfər iştirakçı cəlb olunmuş və onların böyük əksəriyyəti tədbirlərdən yüksək məmnunluq ifadə etmişdir. Tədbirsonrası keçirilmiş sorğulara əsasən, iştirakçıların 83%-i Kitabla Terapiya metodunu faydalı hesab edib və gələcəkdə bu cür fəaliyyətlərdə iştirak etmək istədiyini bildirib.

Görüşlərdə iştirakçılar ailə, uşaq və həssas qruplarla işləyən mütəxəssislər üçün bu metodun imkanları ilə tanış olublar. Təlimlərdə metodun nəzəri əsasları ilə yanaşı, praktiki məşqlər və qrup tapşırıqları da yer alıb.

Moderator psixoloq Kamil Həmidov bildirib: “Kitabla Terapiya insanın daxili dünyasını anlamağa, hisslərini ifadə etməyə və psixoloji dayanıqlığını gücləndirməyə kömək edən innovativ bir üsuldur.”

Layihənin əsas məqsədi gənclər və həssas qruplarla işləyən mütəxəssislərə alternativ psixo-sosial dəstək metodlarını təqdim etmək, onların özünüifadə bacarıqlarını inkişaf etdirmək və emosional rifahını gücləndirmək olmuşdur. Kitabla Terapiya seanslarında iştirakçılar oxunan hekayələr vasitəsilə öz daxili təcrübələrini paylaşmış, mütəxəssislərlə keçirilən görüşlərdə isə metodun tətbiq imkanları və faydaları barədə geniş müzakirələr aparılmışdır.

“Addım Gənclərin İnkişaf Mərkəzi” İctimai Birliyi gələcəkdə də gənclərin sosial rifahını və psixoloji dəstəyini gücləndirməyə yönəlmiş bu kimi layihələri həyata keçirməyi planlaşdırır. Bu işdə onlara dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tərəfdaşlarına təşəkkür edir.