"Rəşad dedi ki, İsgəndəri öldürdüm, məni polisə təslim et" - Qardaşı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sabahinfo.az xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Dağlının qardaşı Ağamalı Əmirov ifadə verib.

O bildirib ki, Rəşadın meneceri kimi işləyib: "İsgəndəri Ələkbər Yasamallının qohumu kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə dəfə İsgəndər mənə zəng vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, Rəşad dedi ki, fikir vermə. Ondan sonra onun telefonlarına cavab vermədim. Hadisədən iki gün əvvəl yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, təcili Rəşada görüşməliyəm, sonra gec olacaq. Mən də bu barədə Rəşada məlumat verdim. Sonra İsgəndər mənim nömrəmi bloka atdı".

Şahid bildirib ki, hadisə günü gecə saat 4-də Rəşad ona zəng vurub: "Rəşad mənə zəng vurdu çağırdı küçəyə, dedi ki evdən gödəkçəmi gətir. Rəşad nazik geyinmişdi, mən evə çıxıb gödəkçəni gətirəndə Rəşad getmişdi. Nə qədər zəng vurdum telefonu açmadı. Hardasa bir saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki, Rəşad şok vəziyyətdədir. Dedi İsgəndəri öldürdüm, məni polisə təslim et. Soruşdum ki niyə öldürdün, dedi heç nə bilmirəm, bir də baxdım ki İsgəndər qan içindədir.

Rəşad heç vaxt üstündə bıçaq gəzdirməzdi. Hətta mənə deyirdi ki, Yasamal uşağısan, birdən üstündə bıçaq gəzdirərsən".

Prosesdə ifadə verən digər şahid Yaşar Abdullayev isə bildirib ki, bıçağı onun mağazasından alıb: "Hadisə günü gecə Rəşad gəlib bizim mağazaya. Mən mağazada olmamışam, oğlum olub. Gəlib bizim mağazadan suvenir bıçağı alıb gedib. Səhər eşitdim ki Rəşad qətl törədib".

Digər şahid, qətlə yetirilən İsgəndər Mehdiyevin qohumu Azər Quliyev isə bildirib ki, Rəşad Dağlı ilə münasibəti olmasa da onu uşaqlıqdan tanıyıb: "Hadisədən 10-15 gün əvvəl məclisdə idik. İsgəndər məndən danışmaq üçün telefon istədi verdim. Rəşadı yığdı, açmadı. Sonra mənə dedi ki ona mesaj yazım. Mesaj yazdım, Rəşad dərhal zəng vurdu. İsgəndər Rəşada dedi ki, təcili görüşməliyik. Rəşad soruşdu ki niyə görüşək? Dedi ki, telefon söhbəti deyil. Ondan sonrakı prosesdən xəbərim yoxdu".

Şahid deyib ki, İsgəndər Mehdiyevin bıçağa marağı olub: "Suvenir bıçaqlar marağı var idi. Yaxşı bıçaq oynatmağı var idi. Bilirdim ki, evdə bıçaqları var. Amma sakit və mülayim adamı idi. Bir də eşitdim ki İsgəndər qətlə yetirilib".

Proses iyunun 9-da davam etdiriləcək.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.