Rəşad Mahmudov: “Xərçəngə çarə tapa biləcək qəhrəman axtarmağa ehtiyac yoxdur” - VİDEO

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov xərçəng xəstəliyinin müalicəsinin olduğu halda, bəzi qüvvələrin bunun qarşısını alması, xəstəliyin süni şəkildə artırılması barədə iddialara münasibət bildirib.

R.Mahmudov Pravda.az-a verdiyi müsahibədə deyib ki, xərçəng xəstəliyi əslində bütün dünyada son zamanlar hər bir milli səhiyyə üçün ciddi problemlər yaradan aktual, o cümlədən cəmiyyətdə hər kəsi maraqlandıran mövzulardan biridir: “O qədər fərqli düşüncələr var ki, bunların içində doğru ilə yanlışı ayırd etməkdə bəzən həm səhiyyə işçiləri, həm də ictimaiyyət əziyyət çəkir. Sosial şəbəkələrdə “xərçəng xəstəliyi süni şəkildə yaradılır” deyə yanaşmalar ortaya atılır. Bəli, deyə bilərəm ki, bir baxımdan bu, doğrudur. Çünki mövcud stress halımız, ən başda stressimizi kontrol halına ala bilməmək xərçəng xəstəliyinin səbəblərindən biridir. Bu gün əlimizdə olmasına baxmayaraq, pis vərdişlərimiz, siqaret, tütün məmulatları ilə birlikdə istifadə olunan bir çox içkilər xərçəng xəstəliyinin ən böyük yaradıcısıdır. Qidalarımızda hələ uşaq yaşlarından etibarən, indi yeni doğulmuşlarda belə istifadə olunan süni qidaların miqdarının getdikcə artması, əlbəttə ki, xərçəngi yaradan əsas amillərdəndir. Ən başda yağ olmaqla. Bu gün dünyada qida çatışmazlığı fonunda yağların tərkibində istifadə edilən bir çox maddələr metabolik sistemimizi pozaraq xərçəng xəstəliyi üçün səbəb yaradır. İstifadə etdiyimiz şəkərin, duzun miqdarı da həmçinin. Ümumdünya Səhiyyə Təşkilatının ən son verdiyi məlumatlarda bildirilir ki, Azərbaycanda dünyada qəbul olunmuş miqdarın üç qatından daha çox şəkər istifadəsi mövcuddur. Hansı ki şəkərin miqdarı metabolizmi pozaraq xərçəng xəstəliyini tətikləyən faktorladandır. Aktiv həyatdan uzaq qalmaq da xərçəng xəstəliyinin səbəblərindəndir. Yəni saya biləcəyimiz bir çox amillər var. Havamızdakı kirlilik, içməli suyun tərkibi - bunların hər biri bədənimizdəki hormoniyanı pozur. Bütün bunlar dünyanın hər bir yerində xərçəng xəstəliyinin tez yaranması üçün bir səbəbdir”.

R.Mahmudovun sözlərinə görə, xərçəngin müalicəsində də fərqli düşüncələr var: “Deyirlər ki, dünyada bir sıra güclər xərçənglə mübarizənin tərəfdarı deyillər, buna görə bəzi oyunlar oynanılır, əslində isə hətta təbii üsullarla xərçəngin müalicəsi var, amma qarşısı alınır... Mən bu fikirlərlə razı deyiləm, çünki təbii üsullar, yaxud sadaladığımız və təkcə xərçəngin deyil, bütün xəstəliklərin səbəbi olan amillərdən uzaqlaşaraq sağlam qidalanmaq, stressi nəzarət altına ala bilmək, təmiz havada yürüşlər etmək, idmanla məşğul olmaq, müsbət düşünmək, sevgi ilə düşünmək belə, birmənalı olaraq bizi xəstəliklərdən uzaqlaşdıran səbəblərdir. Bu, artıq sübuta yetirilib. Bunları etməklə, əlbəttə ki, bədənimizdə baş verən proseslərin qarşısını almış oluruq. Çünki xərçəng hüceyrəsi bir anda ortaya çıxmır, bədənimizin hər yörəsində xərçəng hüceyrəsi yaranır. İmmun sistemimiz normalkən normal hüceyrələrimiz xərçəng hüceyrələrinin artımına icazə vermir. Bu nöqteyi-nəzərdən, bədənimizdə sadaladığımız streslər artdığı zaman xərçəng hüceyrəsi, tam əksinə, özünə güc taparaq bəzən xoşagəlməz nəticələrə səbəb olur”.

Həkim xərçəngin müalicəsindən də danışıb: “Son illər diaqnostikanın imkanı ilə birgə xərçənglə mübarizədə bir çox metodların ortaya çıxması ortalama ömrü hər nə qədər əvvəlki illərlə müqayisədə çox artırmış olsa belə, ümidlər daha çox peyvəndlərədir. Son dönəmlər xərçəng əleyhinə peyvəndlərin gündəmdə olması, bir çox xəstəliklərlə mübarizədə peyvəndlərin istifadəsinin həyata keçirilməsi, əlbəttə, insanlıq üçün xoş xəbərdir. Amma unutmamaq lazımdır ki, xərçəngə çarə tapa biləcək qəhrəman axtarmağa heç bir şəkildə ehtiyac yoxdur. Əvvəldə də dediyimiz kimi, insan oğlunun var olduğu müddət ərzində həyatının hansısa anında xəstəliklə qarşılaşma ehtimalı var. Birinci arzu edək ki, gecindən olsun. Amma bunların gec olması və ya olmaması üçün bizim bir nömrəli işimiz, əlbəttə ki, sağlam qidalanma ilə birlikdə sağlam həyat tərzini həyatımızın bir parçasına çevirməkdir. Söhbət bunu bir gün xəstələndiyimiz zaman tətbiq etməkdən getmir. Buna dünyada hamımıza bəlli olan gözümüzü açdığımız gündən etibarən ta gözümüzü yumduğumuz günə qədər sağlam qida, sağlam həyat tərzi və sağlam düşüncə ilə nail ola bilərik. Əlbəttə ki, bir şərti var - güvənə biləcəyiniz həkimlər, güvənə biləcəyiniz və əldə edə biləcəyiniz tibbi imkanlar yanımızda olduğu zaman özümüzü daha güvənli hiss edəcəyik. Hər birinizə sağlam, təhlükəsiz, xəstəliklərdən uzaq, olarsa belə, çarəsi olan, ömür, həyat dolu günlər arzulayıram”.