“Rəylərimiz büdcə ilə bağlı obyektiv və əlçatan informasiya mənbəyidir”- MÜSAHİBƏ

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov SABAHİNFO.AZ saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

-Vüqar müəllim, öncə sizi yenidən Hesablama Palatasının sədri seçilməyiniz münasibəti ilə təbrik edirəm. Qarşıdakı fəaliyyət planınız barəsində ətraflı məlumat almaq istərdik...

-Təşəkkür edirəm. Əvvəla saytınız vasitəsi ilə məni təkrar etimada layiq gördüyünə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm. Eləcə də, Milli Məclisin rəhbərliyinə və millət vəkillərinə dəstəkləri üçün təşəkkür edirəm. Bu etimad bizdən çox böyük məsuliyyət tələb edir və gələcək fəaliyyətimizin ilkin hədəfi daha artıq və daha məsuliyyətlə çalışmaqla bu etimadı doğrultmaq olacaqdır.

Ötən ilin sonunda Hesablama Palatasının Kollegiyası tərəfindən qarşıdakı bir neçə ili əhatə edən Strateji İnkişaf Planı (SİP) təsdiq edilmişdir. Yeni SİP Hesablama Palatasının fəaliyyətinin müasir çağırışlara uyğun qurulmasında, qanunla müəyyən edilmiş vəzifə və funksiyaların icra edilməsində mərhələli tədbirləri əhatə edir. Hesab edirəm ki, dövlət maliyyə inzibatçılığı sistemində iştirakçılıq səviyyəsinin yüksəldilməsi, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, səmərəlilik auditinin əhatəsinin artırılması, həmçinin beynəlxalq standartların tam mənimsənilməsi və tətbiqinin genişləndirilməsi qarşıdakı illərdə əsas istiqamətlər olacaqdır. Dövlət büdcəsi və büdcədənkənar fondların layihələri və onların icrası ilə bağlı yüksək keyfiyyətli rəylərin hazırlanması, Milli Məclisə və Hökumətə fiskal məsələlərə dair etibarlı tövsiyyələrin verilməsi, Hesablama Palatasının işində və fəaliyyətində şəffaflığın artırılması işləri davam etdiriləcəkdir.

Dövlət maliyyə nəzarəti sferasının ən mütərəqqi elementlərini əhatə etməyə, dövlət büdcəsi xərclərinə nəzarətdə beynəlxalq təcrübədən daha səmərəli istifadə etməyə çalışırıq. Hesablama Palatasının fəaliyyəti də məhz buna hədəflənib - effektiv kənar dövlət maliyyə nəzarətini tətbiq etməklə dövlət vəsaitlərinin səmərəli, şəffaf və qənaətlə istifadə edilməsinə, Azərbaycanın iqtisadiyyatının daha da güclənməsinə dəstək olmaq.

-Hesablama Palatasının funksionallığına və nəzarətin gücləndirilməsinə mane olan amillər?

-Əgər biz qarşıda duran vəzifələrdən, fəəaliyyət planından danışırıqsa, deməli yeni çağırışlarla yanaşı, zəif bəndlərin aradan qaldırılması da hədəflərin siyahısında olmalıdır. İlk növbədə auditin sayı və əhatə dairəsinin aşağı olması, keyfiyyətə təminat sisteminin ISSAI standartlarına uyğunlaşdırılması, audit və mühasibat uçotu sahəsi üzrə beynəlxalq sertifikatlara malik və maliyyə nəzarətinin keçirilməsində informasiya texnologiyalarını tətbiq edən əməkdaşların sayının artırılması ilə bağlı tədbirlər artıq başlayıb. Türkiyə Cümhuriyyətinin Hesablama Məhkəməsi ilə yeni ilin ilk günündə Həmkar qiymətləndirilməsinə dair Saziş bağlanmışdır.Saziş çərçivəsində Hesablama Palatasında audit fəaliyyətinin beynəlxalq audit standartlarına uyğunluğunun ekspert qiymətləndirilməsi həyata keçiriləcəkdir. Qiymətləndirmənin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik auditləri daxil olmaqla, ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və boşluqların müəyyən edilməsi ilə beynəlxalq standartlara tam uyğunluğun təmin olunmasına dair tövsiyyələrin verilməsidir.

-Hesablama Palatası ona ayrılan dövlət vəsaitindən 5,2 dəfə artıq vəsaitin dövlət büdcəsinə qaytarılmasını təmin edib, sizcə, bu göstərici qaneedicidirmi?

-Qeyd edim ki, Hesablama Palatası hər il mütəmadi olaraq artıq xərc edilən və əsassız istifadə olunan dövlət vəsaitlərinin büdcəyə bərpa olunmasını təmin edir. Son illərin dinamikası, nəzarət tədbirinin sayında azalma olduğu halda, bərpa məbləğinin artımını göstərir. Rəqəmlər illər üzrə daha az və ya çox ola bilər, amma bu göstərici müqayisə və qiymət verilməsi üçün göstərici hesab olunmur. Son illər dünya, eləcə də bəzi qonşu dövlətlərin analoji funksiya daşıyan qurumların fəaliyyətinin təhlili göstərir ki, daha çox vəsaitlərin effektiv və səmərəli istifadəsi ön plana çıxır. Əgər büdcə vəsaitinin istifadəçisi artıq və qanunsuz xərcə yol vermişdirsə, artıq bu məsələ hüquq mühafizə orqanlarının səlahiyyətlərinə daxildir. Ali audit orqanlarının idarəedilməsinin dünyada üç əsas modeli var ki, məhkəmə inzibatçılığı modeli daha çoxluq təşkil edir. Bu idarəetmə modelinə malik ölkələrdə artıq və qanunsuz xərcləmələrə yanaşma və inzibati qərarların verilməsi fərqlidir.

Daha çox büdcə vəsaitinin geri qaytarılması kənar dövlət maliyyə orqanları qarşısında bir məqsəd olmamalıdır. Bu qurumların fəaliyyətinin son nəticəsi effektiv nəzarət mexanizmləri vasitəsilə maliyyə intizamının gücləndirilməsi və vəsaitin qənaətli istifadəsinin təmin edilməsi səviyyəsi ilə qiymətləndirilməlidir.

Əslində biz büdcədən yayındırılan vəsaitlərin məbləğinin ildən-ilə azalacağına ümid edirik. Dövlət büdcəsindən Hesablama Palatasına ayrılan vəsaitin fəaliyyətə adekvatlığı ilə bağlı indikatorlar isə fəaliyyət hesabatımızda yer almışdır.

-Maraqlıdır, Hesablama Palatası audit etdiyi qurumların siyahısını necə hazırlayır? Burda əsas hansı amillərə diqqət yetirilir?

-Hesablama Palatasının funksional fəaliyyəti hər il tərtib olunan və Kollegiyanın təsdiq etdiyi illik İş Planına əsaslanır. İş planı auditorlar tərəfindən aparılan planlaşma sənədlərinə əsasən tərtib edilir. Bəzən ictimaiyyətdə rezonans doğurmuş sahələr, əvvəlki audit tədbirinin qeyri-məqbul nəticələri və dövlət büdcəsindən ayrılmış və istifadəsində riskli məqamların mövcud olduğunu hesab etdiyimiz məsələlər planlaşma dövründə, eləcə də il ərzində rastlaşdığımız və əhəmiyyətli hesab etdiyimiz hallarla bağlı araşdırmaların nəticəsi İş Planında əks olunur.

İstənilən nəzarət tədbirinin başlanılması üçün planlaşma mərhələsi olmalıdır.Qanunun tələbi ilə planlaşma mərhələsində nəzarət aparılacaq qurumdan ətraflı məlumatlar alınmalıdır. Planlaşmanın keyfiyyətli aparılması nəzarət tədbirinin uğurlu nəticəsini təmin edir. Planlaşma mərhələsi nəzarətin formasının, miqyasının, əhatəsinin və məqsədinin, eləcə də hesablana bilən risklərin müəyyən olunduğu bir mərhələdir.

-2020-ci ildə aşkar olunmuş artıq ödəmələr, qanunsuz xərcləmələr və digər halların olması baxımından nə ilə fərqləndi və 2021-ci ildə bunlar nəzərə alınmalıdır?

-Əlbəttə ki, bütün dünyanı ağuşuna alan və ölkəmizdə də geniş miqyaslı COVİD-19 əleyhinə sərt karantin tədbirləri Hesablama Palatanın fəaliyyətinə təsirsiz ötüşməyib. İşçi heyətlərinə qoyulan tələblər həm Hesablama Palatasının, həm də digər qurumların fəaliyyətinin məhdudlaşmasına səbəb olmuşdur. 2020-ci ilin birinci yarısının sonunda İş Planına dəyişiklik etmək zərurəti yarandı və bəzi nəzarət tədbirləri təxirə salındı. Bununla belə, 41 nəzarət tədbiri keçirilmiş və bu tədbirlər, əsasən 2018-ci və 2019-cu illərdə həyata keçirilmiş fəaliyyəti və xərc olunmuş vəsaiti əhatə etmişdir.

2019-cu ildəki fəaliyyətimizə dair hesabatımızın Milli Məclisin plenar iclasında təqdimatı zamanı qeyd etmişdim ki, büdcə vəsaitlərinin istifadəsində artıq və qanunsuz xərcləmələrin həcmi və sayında, kiçik də olsa, azalmalar var. Lakin dövlət satınalmalarında, investisiya layihələrinin dəyərinin hesablanmasında və səmərəliliyinin qiymətləndirilməsində olan problemlərin bir qismi “bizləri tərk etməyib”. Həmin fikirləri təkrarlamaqla yanaşı, hesab edirik ki, əməliyyat proseslərinin rəqəmsallaşdırılması, müxtəlif – idman, mədəniyyət, gənclər və sairə xarakterli tədbirlərdə artıq xərclərin yaranması və büdcə vəsaitinə qənaətlə yanaşılmaması halları mövcuddur. Büdcə sektorunda çalışan işçilərin əmək haqqı sistemi və sayı yeni yanaşmaları zəruri edir.

-Şəffaflıq və korrupsiyanın aradan qaldırılmasında Hesablama Palatasının mühüm rolu var....

-Heç şübhəsiz. Ölkə başçısı şəffaflığın artırılmasını korrupsiyaya qarşı mübarizədə əsas silah hesab etdiyini dəfələrlə vurğulamışdır. Cənab Prezidentin “Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır" sözlərini ən əsas vəzifələrdən biri kimi qəbul edib var qüvvəmizlə çalışmalıyıq.

Şəffaflıq görülən işlərin tam, vaxtında və tələb olunan səviyyədə maraqlı tərəflərə təqdim edilməsi, şəffaflığın artırılması isə korrupsiyaya qarşı effektiv mübarizə üsuludur. Korrupsiyaya qarşı mübarizə dünyəvi bir problemdir və bütün ölkələrdən xüsusi bir səylər tələb edir. Hesablama Palatasının işində və fəaliyyətində şəffaflığın artırılması vacib bir istiqamətdir. Şəffaflığın təmin edilməsi daim əsas prioritetimiz olmuşdur.

Dövlət büdcəsi və büdcədənkənar fondların layihəsi və icrası ilə bağlı Rəylərimiz büdcələrlə bağlı obyektiv informasiya mənbəyi olmaqla yanaşı, proses və hadisələrin doğru aspektlər və qiymətləndirmələrin aparılmasını göstərən sənəddir. Bu Rəylərin Hesablama Palatasının saytı vasitəsilə vətəndaşlara və digər maraqlı tərəflərə təqdim edilməsi ilə dövlətin əsas maliyyə sənədi barədə faydalı məlumatların verilməsi məqsədi güdülür.

Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat parlament və ictimaiyyətə tam açıq şəkildə təqdim edilir. İllik fəaliyyətin əsas hissəsi, səhv etmirəmsə təqribən 70,0%-dən çoxu nəzarət tədbirlərinin nəticələri, aşkar olunmuş pozuntuların əsas məqamları, qurumlar tərəfindən görülmüş işlər, vacib statistik göstəricilərə həsr olunur.

Nəzarət tədbirlərinin bəziləri “Dövlət auditi” rüblük bülleten vasitəsilə, bəziləri sayt vasitəsilə, analitik təhlil və səmərəlilik auditinin nəticələri fəaliyyət hesabatı vasitəsilə ictimaiyyətə təqdim edilir.

Hesablama Palatası yeganə qurumdur ki, öz büdcəsinin icrası və aparılan satınalmalar haqqında geniş informasiyanı rüblük periodda rəsmi saytında yerləşdirir.

-Daha hansı işlər və tədbirlər Palatanın gündəmindədir?

-Dövlət maliyyəsinin hesabatlılığının və fiskal məsuliyyətin gücləndirilməsi, Orta Müddətli Xərclər Çərçivəsi (OMXÇ) və nəticə əsaslı büdcə islahatlarının daha yaxşı həyata keçirilməsi və Hesablama Palatasının fəaliyyətinə etimadın gücləndirilməsi istiqamətində tədbirlər dövlət maliyyəsinin institusional dəyişikliklərində önəmli əhəmiyyətə malikdir. Cari ildə Hesablama Palatasının strukturunda və kadr heyətində dəyişikliklərin olması planlaşdırılır. İlk olaraq qeyd edim ki, Səmərəlilik auditi şöbəsi yaradılmışdır və bu şöbə iki sektordan - Layihə və proqramların auditi və OMXÇ-nin auditi adlı sektorlardan yaradılmışdır. İlin birinci yarısına qədər inkişaf istiqamətlərinə və təsdiq edilmiş büdcə çərçivəsinə uyğun yeni şöbə və sektorların yaradılması nəzərdə tutulur.

İlin əvvəlindən satınalmaların auditi, beynəlxalq standartların mənimsənilməsi ilə bağlı təlimlər başlanılmış, İT auditi, səmərəlilik auditi üzrə təlimlərin də mövcud sanitar karantin qaydaların tələblərinə uyğun keçirilməsi planlaşdırılır.

Hesablama Palatası nəzarət tədbirləri apardığı qurumlarda görülən işlərin ictimaiyyətə təqdim edilməsini vacib hesab edir. Dövlətin vəsaitinə nəzarət etmək və vəsaitdən səmərəli istifadə həm də bu vəsaitləri yoxlayan qurumların hesabatı və bu hesabata yoxlanılan qurumların reaksiyasını özündə əks etdirin hesabatların vətəndaşlara şəffaf təqdim edilməsindən keçir.