Riyakarlıq, yoxsa vətən xainliyi?!

Ramiz Alıyev, politoloq

Bu günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli İnternet televiziyalarından birinə müsahibəsində Azərbaycan dövlətinin və hakimiyyətin, xüsusilə də, Qarabağ məsələsində atdığı bəzi addımları lüzumsuz sayıb. O, dövlətimizin və hakimiyyətin yanlış yolda yürüdüyünü və səhv addımlar atdığını bildirib. Mən Əli Kərimlinin müsahibədə toxunduğu hər bir məqama, bəndə cavab vermək istəyirəm. Ola bilsin ki, Əli Kərimli siyasət aləmində ətrafındakı 5-10 nəfəri aldatmağa, manipulyasiya etməyə öyrəşib. AXCP sədri siyasi meydanda öz tərəfdarları qarşısında elə çıxış edir ki, o, sanki daha ağıllıdır və siaysi savada malikdir. Bu, əsla belə deyildir. Niyə? Mən bunu bir-bir oxucularımıza izah edəcəm.
Əli Kərimli müsahibəsində bildirir ki, Azərbaycan dövlətinin Qarabağda həyata keçirdiyi lokal antiterror tədbiri səhv addım idi. Guya Qarabağ məsələsi siyasi arenada – Əli Kərimlinin xidmət etdiyi dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən həll olunmuşdu. Əvvəla, Əli Kərimli, sən saçının tükündən dırnağına qədər yalan danışırsan! Azərbaycan 30 il ərzində beynəlxalq təşkilatlarda öz haqq səsini qaldırdıqca, onun səsi boğuldu. Ən yüksək tribunalarda Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edildiyi səsləndirildi, amma eşidən olmadı, qulaqardına vurdular. BMT Təhlküəsizlik Şurası ərazilərimizin işğalçı erməni silahlıları tərəfindən boşaldılmasına dair 4 qətnamə qəbul etdi. Ermənilər öz havadarlarına arxalanaraq bu qətnamələri icra etmədi. Bəs Azərbaycan 30 il ərzində nə etdi? Əli Kərimliyə xatırlatmaq istəyirəm ki, Azərbaycan dövləti ötən müddət ərzində öz iqtisadi gücünü artdırdı, inkişaf etmiş ölkələrlə birlikdə böyük iqtisadi layihələr həyata keçirdi, ordu quruculuğu ilə məşğul oldu. Biz 44 günlük Vətən müharibəsində 30 il ərzində apardığımız siyasətin bəhrəsini gördük. Vaxtilə Ermənistanı güclü şəkildə müdafiə edən ölkələr, qüvvələr bizim “Dəmir yumruq” adı verilən müharibəmizə maneə olmadılar. Onlar ən azından neytral qaldılar. Əli Kərimli dövlət adamı olmadığından belə məqamları anlaya bilməz. Əli Kərimli və onun kimi düşünənlər 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmadılar. AXCP sədri Vətən müharibəsində bütün ictimai və siyasi təşkilatların dövlətimizə, ordumuza dəstək bəyanatına imza atmadı. Diqqət edək, Ermənistana qarşı imzalanmış bir bəyanata imza atmamaq nə deməkdir? Kimlər bu bəyanata imza atmaz? Əlbəttə ki, bunu yalnız erməni lobbisindən maliyyələşənlər edərdi ki, Əli Kərimli də belə etdi. Azərbaycanın igid oğulları Ali Baş Komandanın əmrilə öz qanları və canları bahasına torpaqlarımızı düşmən işğalından azad etdi. Təəssüf ki, Əli Kərimli bütün bunları bilsə də, etiraf etmir.

AXCP sədri müsahibəsində bildirir ki, Azərbaycan Ordusunun sentyabrın 19-da başlatdığı 24 saatlıq antiterror tədbirləri lüzumsuz idi. Guya Avropa Birliyinin baş katibi Şarl Mişel və ABŞ separatçıların nəzarətində olan torpaqlarımızı ermənilərdən alıb bizə qaytaracaqdılar. Nə qədər məsuliyyətdən, siyasi savaddan uzaq biri olasan ki, belə bir fikir işlədəsən... Bu qədər yalan, riyakarlıq olarmı? Niyə Əli Kərimlinin “inandığı” o beynəlxalq güclər 30 il ərzində torpaqlarımızı erməni işğalçılarından təmizləmədi? Biz çox yaxşı bilirik ki, AXCP sədri niyə belə danışır. Bizim qələbələrimizdən ən çox narahat olan şəxslərdən biri məhz Əli Kərimlidir. Ölkəmizdəki bütün siyasi partiyalar lokal antiterror tədbirlərini dəstəklədikləri halda Əli Kərimli məlum bəyanata qoşulmadı, dövlətin yanında olmadı. Azərbaycan dövlətinin, xalqının milli qürurunun bərpa olunduğu bir məqamda Ordunun yanında olmamaq özünü siyasi partiya sədri hesab edən biri üçün utancverici haldır. Görünür, AXCP sədri Araikin, Şahramanyanın yanında yer almağa üstünlük verir. Onun erməni lobbisi və donor təşkilatların xoşuna gəlmək üçün sərgilədiyi fəaliyyət heç kəsin gözündən yayınmır.

Partiyasını Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirmək üçün 5 min üzv yığa bilməyən bir şəxs 50 milyon azərbayanlının özünə lider hesab etdiyi bir dövlət rəhbərinə siyasi məsləhətlər verməyə can atır. Bu riyakarlıq deyilsə, nədir? Bütün dünya dövlətlərinin liderləri Azərbaycan Prezidenti Cənab İlham Əliyevin siyasi təcrübəsinin zənginliyini etiraf edir. Cənab İlham Əliyev Ermənistanın “böyük bacısı” hesab olunan Fransa kimi böyük dövlətçilik tarixi olan ölkəyə meydan oxuyur. Biz bu gün “Cənubi Qafqazda Fransaya yer yoxdur” deyirik. Parisin ermənipərəst təşəbbüslərini beşikdəcə boğuruq. Əli Kərimli, sən dünyada, beynəlxalq platformalarda ortaya siyasi əxlaq, siyasi cəsarət nümunələri qoyan dövlət başçısına necə məsləhət verməyə cəhd edə bilərsən? Ətrafına siyasi savaddan kasad 10-15 nəfəri yığmısan, kompüterində də yüzlərlə saxta profillər var. Onların “imkanlarından” yararlanıb sosial şəbəkələrdə özünə “like” yığırsan. Yazdıqlarını bəyənib özündən qəhrəman düzəldirsən. Sən ya şizofreniksən, ya da Vətən xaini!

Əli Kərimli çıxışlarında Ermənistanın baş naziri Nikol Paşinyanı tərifləyir. Maraqlıdır ki, Paşinyanı əsasən üç nəfər tərifləyir. Arvadı Anna Akopyan, Makron və Əli Kərimli. Sonuncu deyir ki, Paşinyan Ermənistana demokratiya gətirib, ölkədə islahatlar aparır və s. Məgər Əli Kərimli mətbuatı izləmir? Görmür ki, Paşinyan siyasi rəqiblərini həbs edir, repressiyaya məruz qoyur. Onun göstərişi ilə keçmiş erməni prezident Köçəryanın oğlu həbs edildi. Ermənistan necə demokratik ölkədir ki, bu gün etiraz səsini qaldıran müxalifət nümayəndələri həbs olunur?

AXCP sədri bəyan edir ki, Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirmir. O təklif edir və məsləhət görür ki, ölkəmiz Rusiya-Ukrayna müharibəsində ikincinin yanında yer almalıdır. Deyir ki, guya Azərbaycan bu müharibədə Rusiyanı dəstəkləyir. Bu ağ yalandır və xəstə təfəkkürün məhsuludur. Onun təriflədiyi Paşinyan Rusiya-Ukrayna müharibəsində Moskvaya birmənalı dəstək verib. Hətta məğlub olmuş, darmadağın edilmiş erməni hərbçilərini Rusiyaya göndərdi ki, gedib Ukrayanaya qarşı vuruşsunlar. Əli Kərimli görmür ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəfələrlə dəstəkləyir, orada işğal olunmuş ərazilərdəki seçkiləri, “respublikaları” tanımır? Dövlətimiz bir neçə dəfə Ukraynaya humanitar yardımlar göndərib. Ukrayna Prezidenti Zelenski Azərbaycanın tutduğu mövqeyi yüksək qiymətləndirib. Prezident Zelenski və Ukrayna ziyalıları dəfələrlə Prezidentimizə təşəkkürlərini bildiriblər. Əli Kərimlisə haqsızcasına deyir ki, Azərbaycan hakimiyyəti bu müharibədə Rusiyanın yanındadır. Bu qədər siyasi naşılıq, qərəz olarmı? Sanki adam siyasətdən başqa hər şeylə məşğuldur...

Əli Kərimli Rusiya sülhməramlılarının Qarabağda olmasına etiraz edir. Bildirir ki, lokal antiterror tədbirləri zamanı rus sülhməramlıları ordumuza mane olub və s. Bu da həqiqətə uyğun deyil. Antiterror tədbirləri zamanı rus sülhməramlıları neytral olublar. Onların prosesə müdaxilə etmədiyini bütün tərəflər etiraf edirlər. Hətta Rusiya sülhməramlılarını qınayırdılar ki, nə üçün Azərbaycan dövlətinin antiterror tədbirlərinin qarşısını almayıblar? Azərbaycanın uğurlu antiterror tədbirlərindən sonra Qarabağdakı rus sülhməramlılarına qarşı kampaniya güclənib. Həm Ermənistanda, həm erməni lobbiləri arasında, həm də Fransada rus sülhməramlılarına qarşı kampaniya aparılır. Təəssüf ki, Əli Kərimlidə bu kampaniyanın Azərbaycandakı fəal üzvüdür. Görürsünüzmü, nəticəsi Azərbaycan üçün uğurlu olan bir əməliyyat hansı şəbəkəni narahat edir? Görürsünüzmü, Əli Kərimli hansı şəbəkəyə xidmət edir?

AXCP sədri şəhid ailələri və qazilərin sosial durumunun ağırlığını qeyd edir və onlara dövlət qayğısının azlığından gileylənir. Əli Kərimli səfirliklərdən, beynəlxalq donor təşkilatlardan, erməni lobbisindən kifayət qədər maliyyə dəstəyi alır. Özünə komfort həyat tərzi düzəldən partiya sədrinin bahalı evləri, avtomobilləri, mühafizəçiləri var. Oğlu Avropanın ən bahalı ali məktəblərindən birini bitirib. 5 min üzvü belə olmayan bir partiyanın sədrinin bu qədər imkanı haradandır? Nə üçün bu günə qədər o, bir şəhid ailəsi, bir qazinin evinə gedib yardım etməyib? Amma bu qədər şəhid ailəsi, müharibə əlili, müharibə veteranlarının olduğu bir dönəmdə Azərbaycan dövlətini onlara qayğı göstərməməkdə ittiham edir.Bu qədər riyakarlıq, haqsız yanaşma olarmı?

Əli Kərimli qeyd edir ki, Azərbaycan dövləti öz suverenliyini tam bərpa etməsinə hələ şübhələr var. Əlavə edib ki, keçirilən antiterror tədbirlərinə görə, ölkəmizə qarşı heç bir beynəlxalq sanksiya tətbiq edilmədi, çünki Avropa Birliyinin baş katibi Şarl Mişel bu məsələdə Azərbaycanı dəstəkləyib. Bu cür riyakar siyasətçi dünyanın heç bir ölkəsində yoxdur. Mənəvi-psixi problemlərdən əziyyət çəkən bir zehniyyət sahibinin vətən xaini kimi açıqlamalar verməsi sadəcə təəssüf doğurur. O anlamır ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiq göstərmək imkanları məhduddur. Qərəzli mövqe bildirmək istəyənlər, onsuz da, bizə qarşı çıxışlar etdilər və bu davam etməkdədir. BMT Təhlükəsizlik Şurası kimi bir qurumda Azərbaycanın Qarabağ siyasəti müzakirə olundu, amma heç bir qərar qəbul etmədilər. Ona görə yox ki, bizim orada çoxlu dostlarımız var və s. Məsələ ondadır ki, Qarabağ məsələsinə görə Azərbaycana təzyiq etmək üçün heç bir əsas, arqument mövcud deyildir. Biz öz ərazimizdə antiterror tədbirləri həyata keçiririk. Biz yalnız legitim hərbi hədəflərə zərbələr endirmişik. Bir nəfər də olsun mülki erməni bu zaman güllə yarası almayıb, evlər, binalar dağıdılmayıb. Bunu BMT missiyasının nümayəndələri də etiraf ediblər. Şarl Mişel Azərbaycanı dəstəkləyirsə, nə üçün tez-tez dövlətimiz haqqında tənqidi ifadələr işlədir.

AXCP sədrinə görə, Azərbaycanın xarici siyasəti səhvdir. Yəni biz Qərbə istiqamət götürməliyik və yalnız Qərb ölkələri və təşkilatları ilə əməkdaşlıq etməliyik. Başqa sözlə ifadə etsək, Rusiya ilə əlaqələrə xitam verib, Qərbi seçməliyik. Belə bir siyasəti vaxtilə Əli Kərimlinin də üzvü olduğu AXC hakimiyyəti edib. Gürcüstan və Ukrayna da bu siyasəti həyata keçirdi. Bu siyasi xətt hər üç ölkənin öz ərazilərini itirməsilə nəticələndi. AXC hakimiyyəti Rusiyanı özünə düşmən etdi və Qarabağ torpaqları erməni separatçıları tərəfindən işğal edildi. Onların buraxdığı səhvi bu gün cənab Ali baş komandan aradan qaldırdı. Əli Kərimli elə başa düşür ki, insanlar onun bu açıqlamalarla hansı qüvvələrə xidmət etdiyini başa düşmür. Biz çox yaxşı bilirik ki, AXCP sədri kimlərin dəyirmanına su tökür, hansı ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir və s. Məsəl var, dəvəquşu başını quma soxur, elə bilir ki, heç kəs onu görmür. Əli Kərimlinin həm cənub qonşumuzun, həm də digər dövlətlərin xüsusi xidmət orqanları ilə yaxşı əlaqələri var.

Əli Kərimliyə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərini ona görə öz büdcəsi hesabına həyata keçirir ki, Rusiyanın yanında olduğu üçün heç bir Qərb dövləti, maliyyə fondu bizə dəstək olmur. Eyni zamanda guya Azərbaycan hakimiyyəti Əli Kərimli kimi antimilli qüvvələrin partiyalarını dəstəkləmədiyi üçün Qərb Azərbaycana, Qarabağa investisiya yatırmır. Nə qədər xain, qərəzli, xəstə yanaşmadır bu! Dünyanın ən böyük şirkətləri Azərbaycanın TANAP, TAP, BTC kimi layihələrinə dəstək olub. Hazırda Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirilir. Azərbaycan paytaxtı ikinci dəfə bu mötəbər tədbirə ev sahibliyi edir. İlk dəfə 1973-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresi təşkil edilib. Yəni doğrudanmı, Əli Kərimli inkişaf etmiş xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana bu qədər önəm verdiyinin fərqində deyil?

Hesab edirəm ki, Qarabağdakı separatçı liderlər – Bako Saakyan, Köçəryan, Arutyunyan və digərləri 30 il ərzində Qarabağ ermənilərini necə girovluqda saxlayıblarsa, Əli Kərimli də 23 ildir ki, AXCP üzvlərini öz təsiri altında saxlayır, imkan vermir ki, onların bəsirət gözü açılsın, siyasi cəhətdən savadlansınlar, faydalı işlərlə məşğul olsunlar. Qarabağ separatçıları hərbi terrorla məşğul olublar, Əli Kərimli isə mənəvi terrorla. Daha yaxşı olar ki, Əli Kərimli də gedib o 5-10 nəfəri yığıb başına özlərini buraxdığını qeyd eləsin! Çünki müasir və suveren Azərbaycanın Əli Kərimli kimi saxtakar və satqın bir siyasətçiyə ehtiyacı yoxdur. Azərbaycanın yeni təfəkkürdə olan, vətən xaini olmayan müxalifət partiyalarına ehtiyacı var, belə riyakar və satqın partiya sədrlərinə deyil!

Əli Kərimli ondan müsahibə götürən jurnalisti inandırmağa çalışır ki, Avropa Birliyi, ABŞ Nikol Paşinyanı məcbur edib ki, Praqa görüşündə Azərbaycanın ərazisi bütövlüyünü tanıdığını etiraf etsin. Guya məhz bundan sonra Paşinyan “Qarabağ Azərbaycanındır” ifadəsini işlədib. Yalan danışmaq insanın şəxsiyyət və mənəviyyatdan uzaq olmasının əlamətlərindən biridir. Bütün dünya bilir ki, Paşinyanı “Qarabağ Azərbaycandır” deməyə Azərbaycan Prezidentinin iradəsi, gücü, Dəmir yumuruğu, qəhraman ordumuzun məcbur etdi. Görünür, Əli Kərimli başı səfirliklərin 5-6-cı dərəcəli əməkdaşları ilə söhbətlərə o qədər qarışıb ki, cənab İlham Əliyevin fəaliyyətini, çıxışlarını izləməyə vaxt tapmayıb. Adam nə qədər qərəzli olmalıdır ki, onların hakimiyyətdə olduğu dövrdə satmış olduqları ərazilərimizi Azərbaycana qaytaran Ali Baş Komandanın adını çəkməyib, ona təşəkkür etməsin!

AXCP sədri bildirir ki, 2003-cü ildən 2020-ci ilə qədər – 17 il ərzində İlham Əliyev hansı uğurlar əldə edib ki, Qarabağda əldə olunan qələbəni də onun adına çıxaq. Görünür, Əli Kərimli yaddaş pozğunluğundan əziyyət çəkir. Mən bəzi faktları onun diqqətinə çatdırıram. Cənab İlham Əliyev 2003-cü ildən sonra Azərbaycan iqtisadiyyatını, hərbi sənayesini gücləndirdi. Ölkədə, xüsusilə də, gənclər arasında vətənpərvərlik ruhunu qaldırdı. Azərbaycan beynəlxalq iqtisadi layihələrə qoşuldu. Dövlət büdcəmiz 30 milyard dollara qədər artdı. Azərbaycan Pakistan və İsrail ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Qardaş Türkiyə ilə münasibətlər tarixdə heç vaxt olmayan bir yüksəkliyə çatdı. Bütün bunlardan sonra Ali Baş Komandan torpaqlarımızı işğaldan azad etmək üçün Orduya əmr verdi.

Əli Kərmli deyir ki, onların hakimiyyəti dövründə Qarabağın işğal olunmuş ərazilərinin 40 faizini azad edilmişdi, sadəcə sonra Rusiya buna maneə oldu. Surət Hüseynov kimi bir hərbçinin qarşısından qaçan AXC hakimiyyəti Qarabağda nə vaxt uğurlu əməliyyat apardı ki, bizim ondan xəbərimiz olmadı? Surət Huseynovdan, Əlikram Hümbətovdan qorxaraq evlərin zirzəmisində gizlənən bir komanda Ermənistanda torpaq ala bilərdi? İnsanın nə qədər yalançı və ikiüzlü olmasının əyani sübutunu Əli Kərimli öz timsalında göstərmiş oldu... Əli Kərimli bu yalanlara yalnız AXCP üzvlərini inandıra bilər.