"Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır"

Soçi görüşü göstərdi ki, Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır. Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşımaqla yanaşı, qarşılıqlı maraq üzərində qurulmuşdur. Ölkələrimiz arasında humanitar forumlar keçirilməklə yanaşı, hökumətlərarası komissiyalar da yaradılıb. Hökumətlərarası komissiyaların fəaliyyəti ölkələrimiz arasında iqtisadi potensialı düzgün dəyərləndirərək bu sahədə əməkdaşlığımızı dərinləşdirir. Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur. Bu da onu göstərir ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi artan templə inkişaf edir və müəyyən olunmuş hədəflərin icrasına yönəlib. Humanitar sahədə əməkdaşlığımız gündən-günə genişlənir. Bundan əlavə, Azərbaycanda 340-dan çox məktəbdə rus dili tədris olunur. On beş mindən çox azərbaycanlı gənc isə Rusiyada təhsil alır. Təbii ki, bu gənclər təhsillərini alıb, mütəxəssislər kimi formalaşıb ölkəmizin iqtisadi inkişafında iştirak edəcəklər. Rusiyanın aparıcı universitetlərinin filialları Bakıda fəaliyyət göstərir və ölkəmiz üçün vacib mütəxəssislər hazırlanır. Həmçinin Azərbaycanın Rusiyada ticarət evləri açılır və qeyri-neft məhsullarımızın təşviqi üçün işlər görülür. Bununla bərabər, Rusiyanın müəssisələrinin Azərbaycanda filialları açılır. O cümlədən işğaldan azad olunmuş ərazilərimizdə “KamAZ” zavodunun filialının yaradılması ilə razılıq əldə olunub. Rusiyanın 500-dən çox müəssisəsi isə Azərbaycana investisiya qoyub. Son bir həftədə Rusiya Prezidentinin xüsusi nümayəndəsinin, Baş nazirin müavininin, Elmlər Akademiyasının prezidentinin Azərbaycana gəlməsi və 30-dan çox şirkətin iştirakı ilə Bakıda biznes konfransın keçirilməsi ölkələrarası münasibətlərin dərinləşməsindən xəbər verir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Rusiya həm də 44 günlük Vətən müharibəsindən sonra yaratdığımız yeni reallığa uyğun təhlükəsizliyin təmin olunması və imzalanmış üçtərəfli Bəyanatın maddələrinin həyata keçirilməsində yaxından iştirak edir. “Rusiya sülhməramlılarının məsuliyyət zonasında müharibənin bitdiyi bir ildə hər hansı ciddi bir insident baş verməyib. Həm də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmaların minimuma çatdırılması, risklərə nəzarət etmək və yekun sülh sazişinin bağlanması ilə bağlı məsələlər Rusiyanın vasitəçiliyi ilə müzakirə olunur. Həm də Zəngəzur dəhlizinin açılmasına, təhlükəsizliyin təmin olunmasına, sərhədlərin delimitasiya və demarkasiya olunmasına, həmçinin yekun sülh müqaviləsinin imzalanmasına Rusiya öz töhfəsini verəcəkdir. Soçi Bəyanatında da qeyd olunduğu kimi Azərbaycan və Ermənistan dövlətləri arasında iqtisadi və nəqliyyat yollarının açılması reallaşmaq üzrədir. Rusiyanın vasitəçiliyi ilə yaxın zamanda bu prosesin başlanması gözlənilir. Ümumiyyətlə Azərbaycan 9 noyabrda imzalanmış hərbi əməliyyatların dayandırılmasına, həmçinin 11 yanvar Bəyanatında öz üzərinə düşən məsələləri icra edib”, - deyə o qeyd edib.

A.Badamov bildirib ki, Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirəcək yol kommunikasiyalarının tikintisi aparılır. Müəyyən olunmuş vaxtdan da əvvəl Azərbaycan bu dəhlizin açılmasını reallaşdıracaq. Keçən zaman ərzində isə Ermənistan revanşist ifadələr səsləndirməkdən başqa heç bir iş görməyib. Ermənistan Azərbaycanın əksinə olaraq təxribatlara əl ataraq, yenidən müharibənin baş verməsini aktuallaşdıran addımlar atıb. Ona görə də Soçi görüşünün keçirilməsi və ölkələrin real addımlar atmalı olduğu danışılmalı idi. Dünən də Soçi görüşündə əsasən Azərbaycanı maraqlandıran mövzular müzakirə olundu və yekun qərarlar qəbul olundu. Əsas məsələlər təbii ki, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası oldu. Əslində, bu məsələlər Ermənistan tərəfindən keçən bir il ərzində yubadılırdı. Ancaq dövlətimizin başçısının qətiyyətli və inamlı gedişləri nəticəsində proses başlamaq üzrədir və yaxın zamanlarda bu istiqamətdə işlər başlanacaq.

“Təbii ki, bu proseslər Rusiyanın vasitəçiliyi ilə həyata keçirilir. Rusiya əvvəlki kimi, üzərinə götürdüyü missiyanı davam etdirir və təşəbbüs göstərir. Buna görə də regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək addımlar atılmasında Rusiyanın rolu qeyd olunmalıdır”, - deyə Azər Badamov vurğulayıb.