Rusiyalı hərbçilər Mariupoldan 5000-ə qədər uşağı çıxarıblar

Rusiyalı hərbçilər Mariupoldan 5000-ə qədər uşağı çıxarıblar.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Mariupolda vəziyyət çox ağırdır.

“Rusiya hakimiyyətinin və rusiyalı hərbçilərin Mariupola qarşı qəddarlıqları ayrı mövzudur. Burada iki mürəkkəb komponent var. Birincisi, mülki əhali ilə bağlıdır. Orada nə qədər insanın öldüyünü heç kim bilmir və kim sizə dəqiq rəqəm desə, bu, ağ yalan olacaq. Bizim sayəmizdə yüz min nəfər çıxarılıb. On minlərlə insan Rusiya Federasiyasına aparılıb, onların taleyindən məlumatsızıq, onların arasında minlərlə uşaq da var”, -  deyə prezident bildirib.

Zelenskinin sözlərinə görə, Mariupolda qalan mülki şəxslərin də sayı dəqiq məlum deyil.

“Bəzi məlumatlara görə, 50-60 mindən çox, digər məlumatlarda isə 100 min göstərilir. Həmçinin eşitmişik ki, bu şəhərdən 5000 uşaq Rusiya tərəfinə deportasiya olunub. Çünki onların Ukraynanın nəzarətində olan əraziyə daxil olmasına icazə verilməyib. Biz bu uşaqların başına nə gəldiyini, harada olduqlarını bilmirik. Heç kim bilmir”, - deyə dövlət başçısı əlavə edib.

Xatırladaq ki, aprelin 17-də Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova RF mediasının məlumatına əsaslanaraq, 153 mini uşaq olmaqla 808 min ukraynalının qanunsuz olaraq Rusiyaya aparıldığını xəbər vermişdi.