Sabiq bələdiyyə sədrinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Səbail bələdiyyəsinin sabiq sədri Əhməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini istəyib. Bu barədə qərar qəbul edilib.

İş üzrə məhkəmə prosesi yanvarın 25-nə təyin olunub.

Qeyd edək ki, istintaqla Əhməd Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq dövlət və bələdiyyəyə məxsus, ümumilikdə 1 milyon 824 min manat dəyərində torpaq sahələrini ələ keçirməyə cəhd etməsi, habelə rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Əhməd Hüseynova Cinayət Məcəlləsinin 29, 178.4, 309.1, 313 və 320-ci maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.