Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil şirkətlərdən biri - “İmprotex İndustries” MMC-nin dövlət büdcəsinə külli miqdarda borcu var.
Sabahinfo.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə kommersiya qurumlarının dövlət reyestrində məlumat yer alıb.
Bildirilib ki, “İmprotex İndustries” şirkətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 223 740.24 manat vergi borcu var.
Qeyd edilib ki, “İmprotex İndustries” MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Ələkbərov Ruslan Nizami oğludur. R.Ələkbərov sabiq nazirin qardaşı oğludur.
2013-cü ildən şirkətin metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən zavodu fəaliyyətə başlayıb. “Improtex” qrupu isə 1991-ci ildə yaradılıb. F.Ələkbərov nazir işlədiyi müddətdə holdinqə onun həyat yoldaşı - İradə Ələkbərova rəhbərlik edib.
Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir. Bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə “Rolls Royce”, “BMW”, “MAN Truck & Bus SE”, “Bobcat”, “Massey Ferguson”, “Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.