2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Dəvəçi və Qorğan kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ölkəmizin siyasi sistemində aparıcı rola malik YAP bu seçkilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb.
Mehdi Balabəyov, partiyanın bundan əvvəl keçirilən bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında geniş və ətraflı məlumat verib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını və üçrəngli bayrağımızın işğaldan azad edilərək bütün ərazilərimizdə ucaldılmasını təmin edib. Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənən müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gerçəkləşdirilməsidir.
M. Süleymanlı çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd edib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Təvəkgül Əliyev, Seymur Qədəşov və digərləri çıxış ediblər. Qeyd olunub ki, bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla inkişafının növbəti mərhələsinə qədəm qoyub. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini əminliklə vurğulayıblar.